“Cənub Qaz Dəhlizi Azərbaycanın mövqeyini daha da möhkəmləndirir”
İqtisadçı deputat bildirib ki, layihə ilk vaxtlar müzakirə edilən zaman onun maliyyələşdirilməsi, keçəcəyi coğrafi ərazilərlə bağlı fərqli yanaşmalar var idi.
“Bütün bunlara baxmayaraq, Azərbaycanın dəstəyi ilə uzun müddət region və qitə üçün əhəmiyyətli olacaq sözügedən layihə reallaşdı. Cənub Qaz Dəhlizi Azərbaycanın mavi qazının Türkiyə, eləcə də Avropaya çatdırılmasını təmin edir. Hər il keçirilən Məşvərət Şurasının iclası illik olaraq həyata keçirilən fəaliyyətlərin müzakirə edilməsi, bu istiqamətdə fəaliyyətlərin əlaqələndirilməsi və sistemli şəkildə reallaşdırılması baxımından vacib hesab olunur. Məşvərət Şurasının iclasları Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilir. Bu da ondan xəbər verir ki, Məşvərət Şurası həm də prosesin - indiyə qədər TANAP və TAP-ın inşası, bundan sonra mavi qazın nəqli ilə bağlı məsələlərin birbaşa yerində müzakirə edilməsinə imkan verəcək”.
V.Bayramov qeyd edib ki, Cənub Qaz Dəhlizi Türkiyə bazarına illik olaraq əlavə 7 milyard kub metrdən artıq qazın nəql edilməsini nəzərdə tutur. Eyni zamanda TAP kəməri vasitəsilə Avropaya birinci mərhələdə 10 milyard, ikinci mərhələdə 20 milyard kub metr qaz nəql ediləcək. Bütövlükdə Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti 31,5 milyard kub metrdir.
"Artıq 2020-ci ilin dekabrın sonunda Azərbaycan qazı Avropaya daxil oldu və artıq Azərbaycan Avropaya öz mavi qazını nəql edir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verəcək layihələrdən biridir."
Deputatın sözlərinə görə, Cənub Qaz Dəhlizi ilə mavi yanacağın Avropanın enerji təhlükəsizliyinin formalaşmasına daha çox ehtiyacı olan bölgələrə nəql edilməsi bu töhfənin daha da artıq olacağından xəbər verir.
“Mərkəzi Şərqi Avropa ölkələrindən Bolqarıstan daxili şəbəkə vasitəsilə Cənub Qaz Dəhlizindən mavi qaz almaq niyyətindədir. Rumuniya bu imkandan faydalanmaq niyyətini bəyan edib. Bu isə ondan xəbər verir ki, Cənub Qaz Dəhlizi ilə ötürülən mavi qazın Avropada çatdırılma miqyasının genişlənməsi istisna edilmir”.
Deputat, həmçinin vurğulayıb ki, Cənub Qaz Dəhlizi Azərbaycanın coğrafi və regional mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır: “Bu layihə iqtisadi baxımından Azərbaycan üçün vacibdir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın mövcud qiymətlərlə 100 milyard dollardan artıq gəlir əldə edəcəyi gözlənilir”.
Aytən Zəhra
Azvision.az
Teqlər: CənubiQazDəhlizi TANAP TAP