“Yüksəliş” müsabiqəsi əyani mərhələnin sonuncu imtahanını keçirdi

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin sonuncu imtahanını keçirdi
  06 Fevral 2021    Oxunub:3115
“Yüksəliş” müsabiqəsi fevralın 6-da əyani mərhələnin “İdarəetmə bacarıqları üzrə imtahan”ını keçirib.
Azvision.az xəbər verir ki, imtahan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə 8 regionda təşkil olunmuş 18 imtahan mərkəzində aparılıb.

Əyani mərhələnin sonuncu imtahanı olan “İdarəetmə bacarıqları üzrə imtahan”ın sual tərtibatı insan kapitalının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanır.

Xatırladaq ki, əyani mərhələnin birinci imtahanı olan “Qabiliyyət üzrə yoxlama imtahan”ı 12 sentyabr 2020-ci il tarixində keçirilib. Bu mərhələyə qatılan 940 nəfər iştirakçıdan 728-i “İdarəetmə bacarıqları üzrə imtahan”da iştirak etmək hüququ qazanıb. Son imtahanda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsi olan yarımfinala qatılacaq.

İmtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil edilib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfər müsabiqəyə qəbul edilib.
“Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Azvision.az


Teqlər: Yüksəliş   Müsabiqə  





Xəbər lenti