Düşmənin təhsilə vurduğu ziyan: Tərtərdə 3 məktəb binası yararsız vəziyyətdədir

 Düşmənin təhsilə vurduğu ziyan:  Tərtərdə 3 məktəb binası yararsız vəziyyətdədir
  06 Fevral 2021    Oxunub:4142
Ötən ilin sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Ermənistanın Tərtər rayonuna atdığı raket zərbələri nəticəsində 16 məktəb binasına ziyan dəyib. 3 məktəbin binası tamamilə yararsız vəziyyətdədir. Bunlar Düyərli, Şıxarx 1 saylı və 5 saylı ümumtəhsil məktəbləridir.
Bu barədə Azvision.az -a açıqlamasında Tərtər rayon Təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmov bildirib. Onun sözlərinə görə, yararsız vəziyyətə düşən məktəblərin yerində yeni binalar tikilməlidir.

Tərtərdə mina partlayıb: 3 nəfər xəsarət alıb - YENİLƏNİB
“Mütəxəssislər tərəfindən qiymətləndirmə işləri aparılır. Həmin məktəblərin şagirdləri digər məktəblərə yönəldilib. Düyərli kənd orta məktəbinin şagirdləri Yuxarı Sarıcalı kənd orta məktəbinə, Şıxarx 1 saylı məktəbin şagirdləri Şıxarx 2 saylı məktəbə, 5 saylı şəhər məktəbinin şagirdləri isə 1 saylı şəhər məktəbinə köçürülüb.

Digər 12 kənd məktəblərində təmir-bərpa işləri aparılıb və həmin məktəblərdə əyani tədris bərpa olunub. Hüsənli məktəbində fevralın 15-də təmir-bərpa işləri başa çatacaq. Bu məktəblərin şüşələri, qazanxana sistemi, akt zalı, sinif otaqlarına ziyan dəymişdi. Onlar qismən bərpa olunub. 1 saylı şəhər məktəbində yeni şüşələr salınıb, lakin binanın içərisində iş getməlidir. Çünki mərmi binanın daxilinə düşüb. Qalan məktəblərdə şüşə-pəncərələr yenilənib".

Y.Məhərrəmov qeyd edib ki, Şıxarx 1 saylı məktəblə Şıxarx 2 saylı məktəb arasında məsafə böyük olduğu üçün Təhsil Nazirliyi tərəfindən avtobus ayrılıb, şagirdlər evdən götürələrək məktəbə aparılır və geri qaytarılır.

“Dağılan 3 məktəbin şagirdləri digər məktəblərə köçürülsə də, əyani tədrisin bərpası zamanı sıxlıq müşahidə olunmur. Şagirdlər növbəli şəkildə dərsə gedirlər”, - deyə şöbə müdiri vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Tərtər   Məktəb   Dağıntı  





Xəbər lenti