Qafqazda yeni nizamın arxitektoru: Azərbaycanın qlobal strategiyası və onun konseptual əsasları – TƏHLİL

      Qafqazda yeni nizamın arxitektoru:    Azərbaycanın qlobal strategiyası və onun konseptual əsasları –    TƏHLİL
  25 Yanvar 2021    Oxunub:8108
Aygün Yusibova

Beynəlxalq hərbi mərkəzlərin uzunmüddətli fəaliyyət planının nəzəri-konseptual tədqiqat obyektinə çevrilən, genezisi, milli və qlobal məkana hərbi-geostrateji sirlərinin yalnız bir hissəsi məlum olan Vətən müharibəsinin siyasi mərhələsinin dinamik gedişatı Azərbaycanı regionun yenidən dizayn edilməsi, Qafqazın geosiyasi vəziyyətinin və təhlükəsizlik arxitekturunun inşasında fenomenal, vahid iradənin açıq ünvanına çevirməkdədir.
Geosiyasi rəqabət və geoiqtisadi maraqlar zəminində regional inkişaf axınının məcrasını insan, enerji, maliyyə resursları, iqtisadi potensialı, siyasi, hərbi iqtidarı, təkmil və müstəqil xarici kursu ilə dəyişmək xüsusi geosiyasi missiyasının uğurla tamamlanması məhz bu dəqiq ünvana özünəxas praqmatik və milli maraq normaları çərçivəsini müəyyənləşdirməyə imkan verir. Xüsusilə də qlobal nizamda tektonik, qütblərarası dalğalanmaların təsirindən kənarda, Azərbaycan regional düzəndə strateji baxımdan geosiyasi münasibətlərin xarakteristikasına birmənalı olaraq aktiv icraçı nüfuzu ilə yön verməkdədir. Hərb sənəti və döyüş etikası ilə beynəlxalq konyekturda yeni geosiyasi status qazanan və dünyaya post-müharibə reabilitasiyası və reinteqrasiyası təqdim edən bir ölkənin yaratdığı yeni geosiyasi şərtlər qlobal gücləri Qafqaz siyasətində müəyyən obyektiv korrektələr reallığı qarşısında qoyub.

Regional aktor: Azərbaycanın yaratdığı geostrateji reallıqlar və imkanlar

Müharibəni identikliyinin ayrılmaz hissəsi olaraq qəbul edən bir xalq siyasi-hərbi yüksəlişi ilə münaqişənin sonsuz və idarə edilə bilməyən bir axına çevrilməsinə qarşı dünya hərbi nəzəriyyəsinə alternativlər bəxş etməklə, onun dağıdıcı funksiyasının əksinə siyasi, sosial ədalət, humanizm, pozitiv sülh kimi mexanizmlərini təqdim edərək yeni dialoq platformaları formalaşdırır. Hərbi strategiya aspektindən sistemli fəaliyyət sahəsi və milli xarakteri ilə özünəqədərki traktatları kölgədə qoyan 44 günlük yekun mərhələnin siyasi və mədəni yüksəlişi indi regionun xilaskarı rolunda iqtisadi, ideoloji, siyasi məqsəd və hədəfləri istiqamətində irəliləməkdədir. Şərq reallığında “zəif ordu” stereotiplərini cəmi 44 gündə yox edən Vətən savaşında Azərbaycanın təkrarsız qalib obrazı bir tərəfdən hərbi diplomatiyada sürətli inkişaf tendensiyasının praqmatik təzahürüdürsə, digər tərəfdən hərbi komandanlığın sərkərdəlik məharətinin nəticəsidir. Azərbaycanın ərazi bütövlüyü kimi prinsipial məsələdə uğurlu qələbəsində milli siyasi liderlik fenomeninin təminedici roluna ictimai rəydə ifadəsini tapan yüksək inam bir daha işıq salır. Vətən müharibəsindən öncə rəhbəri ilə yumruq kimi bütövləşən bir xalqın Ali Baş Komandanının Azərbaycanın vahidliyinin təminatında güc amilinə söykənməsinə qəti və dərin inamı (93,1%) bu gün hərbi qələbəmizin isti izlərini siyasi meydana uğurla daşımaqdadır. Məhz ictimai inam mühitinin əsaslarının etibarlı və sarsılmaz olduğu ölkə rəhbərinin güclü ordu quruculuğu siyasəti, geosiyasi mühiti düzgün dəyərləndirilməsi, düşmən üzərində son dövrlərdə qələbələrin əldə edilməsi, eləcə də bir sıra ölkələrlə uğurlu hərbi əməkdaşlıq kimi siyasi və praktiki təşəbbüsləri ilə bir daha əyani təsdiqini tapır. Açıq etiraf etmək lazımdır ki, 90-cı illərdə torpaqlarımızın ardıcıl işğalı ilə nəticələnən məğlubiyyət mobil dövlətçiliyin və sistemli ordunun olmaması ilə yanaşı, hakimiyyətlə xalq arasında dərin uçurumun ağrılı nəticəsi idi. Bunun əksinə olaraq Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoyan Azərbaycan Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi - xalq-prezident birliyi, dövlətinin güclü ordu quruculuğu və hərb siyasəti, eləcə də Azərbaycan dövlətinin reallaşdırdığı güclü daxili və xarici siyasət oldu. Ümumxalq mübarizəsi ərazi bütövlüyünün bərpası və “məğlub xalq” sindromunun aradan qalxması milli-mənəvi, hərbi-siyasi mahiyyətindən əlavə dövlətimizin regional və qlobal mövqelərinin güclənməsi ilə münaqişənin həllinin uzanmasında maraqlı olan tərəflərin mənfur planlarını alt-üst edən bir tarixi özündə ehtiva edir. Bəli, dövlət idarəçiliyində siyasi varislik və yaradıcı diplomatiyanın vəhdəti, geosiyasi təlimləri ilə regionda güc balansını dəyişmək iqtidarına hakim İlham Əliyev imzalı 10 noyabr bəyanatı 21-ci yüzilliyin hərb tarixi və savaş sənətinin epoxal traktatı olaraq dəyərləndirilə bilər.

Tarix və müasirliyin vəhdətində ölkənin milli maraqlarının xarici siyasətlə harmonik balansının memarı, nəinki Azərbaycanın, regionun Birinci Komandanının Qarabağın azadlığı ilə geosiyasi dinamikada yeni çağırışların işığında milli maraqlar sisteminin mütəşəkkil quruluşuna yönəlik siyasi və diplomatik qərarları yeni dövrün dövlət strategiyasının əsas inteqrasiya hədəflərini təşkil edir. Qarabağ sferasından geosiyasi məkanın iqtisadi, siyasi, strateji müstəvilərinə əhatələnən xarici siyasətimizin yeni üfüqləri növbəti qələbə anonsunun əsas substratlarını özündə daşıyır. Baxın, Mədəniyyət Nazirliyinə baş şəxsin təyin edildiyi gün qlobal nəzər nöqtələrinin tanrı nəzərində əbədi yüksəlişi ilə bizə bəxş edilən mədəni pay-taxt Şuşaya və beynəlxalq hava limanı qərarı ilə ilk iqtisadi mərkəz təməli atılan Füzuliyə cəlbi, zəmanəsinin rəhbər şəxsi, görkəmli diplomatı İlham Əliyevin uzunmüddətli perspektivlərə və geniş manevr imkanlarına əsaslanan çovektorlu, dünyada və regionda transmilli geoiqtisadi inkişaf strategiyasının yeni mərhələsidir. Yeri gəlmişkən, regional güc dövlətinin hərbi, diplomatik qələbəsini tamamlayacaq növbəti yüksəlişində vaxtilə Azərbaycanın mədəni qurumunun rotasion xilasına əsaslanan çevik siyasətinin rolunu daha öncələr bölüşmüşdük (Bax əvvəlki məqalədə: https://stm.az/publications/meqaleler/eliyevin-medeni-inqilabi-qarabagin-infoqrafik-xilas-modeli). Bununla yanaşı, Vətən savaşına qədər ölkədə adekvat digər kadr islahatlarının məramının yetişməkdə olan hərbi-siyasi şəraitə və Azərbaycanın strateji maraqlarının qorunmasına müsbət təsir edəcəyinə dair gözləntilərin özünü doğruldacağı birmənalı idi. BMT-dən sonra, Azərbaycanın azad ərazilərində erməni milli-mədəni talanına qarşı “mədəni” missiyasından uzaq YUNESKO-nu tarix irs qarşısında qoyan ölkə rəhbəri strateji, rasional təfəkkürü ilə milli ərazi məsələlərində yeni nizam modelinə paralel, dövrünün baş ideoloqu kimi dəyişən formasiyada proseslərin siyasi-diplomatik mərhələlərinə dair starteji alternativlər və uğurlu nümunələr təqdim edir.
Azərbaycanın dünyaya məhz beynəlxalq hüququ rəhbər tutan milli siyasətinin əsasları üzərindən regional güc rolunu təqdim etməsi onun Qafqazda sülhün təminatçısı missiyasına daha geniş aspektdə baxmağa və ən əsası regionun yeni arxitekturunun Qarabağla vahid baxış modeli əsasında inşasına bir dəvətdir. Geosiyasi konteksti siyasi-diplomatik fəaliyyətdən ötə mahiyyət daşıyan bu milli strateji planlama özündə təkcə regionun geosiyasi mənzərəsini dəyişəcək ornamentləri daşımır, birbaşa milli zonadan Avroatlantik strukturlara əhatələnən xarici siyasət konsepsiyasının inteqrasiya hədəflərində hüquqi baza rolunu oynayır. Yeni ictimai-siyasi mərhələdə konseptual əsası Qarabağla vahid baxış modeli üzərində qurulan Azərbaycan xarici siyasətinin regional və beynəlxalq komponentləri praqmatizmə söykənir və inteqrasiya hədəflərinin mədəni, siyasi, iqtisadi, beynəlxalq strateji perspektivləri proaktiv mülahizələrə əsas verir:

- İşğaldan azad edilən ərazilərdə nəqliyyat, logistika zonalarının formalaşması Qafqazın nəqliyyat və logistika mərkəzi kimi Azərbaycana geostrateji üstünlüyünü və geoiqtisadi maraqlarını təmin etməyə imkan verəcək;

- Azad ərazilər üzrə nəqliyyat layihələrində lojistik mövqeyinə, ən əsası isə Yuxarı Qarabağla kommunikasiya roluna görə əlverişli bölgələrə üstünlük verilməsi (Füzuli, Laçın və ya Kəlbəcər) ölkənin gələcək geoiqtisadi mövqeyinə dair starteji qənaət formalaşdırır ki, məhz bu iki fakt Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasında və turizm potensialında təminedici rol oynayacaq;

- Azərbaycanın bölgə dövlətləri ilə qonşuluq siyasətinin regional komponentləri kimi sabitlik və təhlükəsizlik amillərinin önə çıxması qarşıya qoyulmuş inkişaf strategiyasına sosial, iqtisadi təminat qazandırmaqla yanaşı, regionda yeni səmərəli əməkdaşlıq nümunələrinin təməlini inşa edəcək.


Azərbaycan məhz beynəlxalq statistik hərbi yüksəlişi sayəsində milli ərazi məsələsinin həlli ilə müxtəlif labartoriyalarda münaqişəli ocaqlara dair sirkulyasiya edilən regional və xarici risklərin çevik absorbsiyasına nail olaraq qlobal kontekstdə maraq və hədəflərini yeni çağırışlara inteqrasiya yolunda dayanıqlı geosiyasi status əldə edir. Çünki müstəqil siyasi, hərbi mövqe geosiyasi perspektiv üçün əsasdır, ki, Azərbaycan regional güc və milli sərhədlərindən kənarda da qlobal inteqrasiya xəttinə dair mühüm siyasi təminatlar əldə edir:

- Siyasi və diplomatik mərhələnin milli maraqlarımıza uyğun gedişatını şərtləndirən regional və yeni əməkdaşlıq formatları yekun sülh müqaviləsinin gələcək hüquqi təminatına mühüm əsaslar yaradır;

- Dünya hərb tarixinə töhfəsi ilə beynəlxalq konyekturda qazandığı geosiyasi statusu Azərbaycana uzlaşma adası missiyası rolunda qlobal dinamikaya təsir imkanları qazandırır;

- Geostrateji üstünlük yeni regional və beynəlxalq əməkdaşlıq pespektivlərində Azərbaycanın əsas investor və ticarət tərəfdaşı kimi dünyada qlobal miqyasını şərtləndirəcək;

- Münaqişəli məsələləri şərtləndirən siyasi dayaqların çöküşü ənənəvi ittifaqlarda yeni reformları (çoxtərəfli əməkdaşlıqları) zəruri edəcək ki, nəticədə regional və qlobal problemlərin həllində dönüş yaranacaq;

- Geoiqtisadi perspektivlərin işığında Azərbaycanla Türkiyə arasında birbaşa tranzit imkanları ikitərəfli iqtisadi əlaqələri və ticarət dövriyyəsinə müsbət təsir edəcək;

- Geostrateji taktiki əsasları və imkanları ilə dünya təcrübəsində öyrənilən Vətən savaşı ölkəmizin geosiyasi statusuna təsir etməklə yanaşı, keçilən uğurlu yolda regional təhdidləri preventiv əsaslarla dəf edən strategiyanın memarı kimi Azərbaycanla perspektivli hərbi-siyasi əməkdaşlıqlara inam mühitini stimullaşdıracaq.


Bütün bunların paralelində, sözsüz ki, yeni nizamda ölkələrin əsas dayanıqlıq indekslərindən biri də hərbi-siyasi əlaqələr olacaq. Bölgədə geoiqtisadi təşəbbüslər və inteqrasiya siyasi, iqtsadi münasibətlərin paralelində Azərbaycanın hərbi-siyasi əlaqlərində ənənəvi əməkdaşlıqlarla yanaşı, yeni perspektivləri də şərtləndirir. Xüsusilə də Türkiyə ilə qarşılılıqlı əlaqələrin formalaşmaqda olan konfiqurasiyasında hərbi-siyasi əməkdaşlığın məzmun və forma vəhdəti Azərbaycanın NATO-ya inteqrasiya xəttində gələcək strateji bazis olaraq dəyərləndirilə bilər. Çünki beynəlxalq təhlükəsizlik strukturları ilə yeni geosiyasi perspektivdə yaxından əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm xətlərdən birini təşkil edir.

Hərbi-strateji müstəvidən iqtisadi-siyasi mərhələyə keçid mexanizmi və onun konseptual əsasları


Qafqazda yeni nizamın arxitekturunun baş ideoloqu İlham Əliyevin nəticəyönümlü və keyfiyyət üstünlüklərinə əsaslanan diplomatiyası və məntiqli xarici siyasətinin izahı yeni diplomatik dövrdə hərbi-strateji müstəvidən iqtisadi-siyasi mərhələyə keçid mexanizmi ilə ölçülür. Baza prinsiplərinin sxematik təsviri və konseptual qoyuluşu geostrateji interaktiv paraqdimaya əsaslanan nəhəng strategiya qlobal konfiqurativ modelə əsaslanır. Qarabağ üzərindən hərbi-siyasi nizamın dinamik gedişatına tranformasiya edilən strategiya regionda dayanıqlı etimad mühitinə qarşı bütün normativləri aşan, regional və qlobal komponentləri bir-birini tamamlayan, nəhayət siyasi-iqtisadi qlobal məkanlara inteqrasiyanı stimullaşdıran mahiyyətindən ötə, müstəqil və milli siyasi vektorlara istənilən kənar diqtə və təhdidləri neytrallaşdıran preventiv xüsusiyyətlərə malikdir. Xarici siyasi kursunu geosiyasi reallıqlarla uğurla uzlaşdıran, hücumçu diplomatik taktikası ilə regional və qlobal hədəflərinə nail olan, praqmatik xarici siyasətində varislik prinsipinə və Şərq amilinə əsaslanan, Qarabağ məsələsinin hərbi yolla həlli ilə regionun geosiyasi mənzərəsini dəyişərək beynəlxalq münasibətlər sisteminə yeni dəyələr bəxş edən vahid Azərbaycanın qurucusu regional liderlikdən beynəlxalq liderliyə doğru dəyişən rolunun fövqündə fenomenal təfəkkürü ilə geosiyasi perspektivlərin kontekstində, regionda təzahür edən konkret xarici risklərin idarə edilməsinə dair konstruktiv çərçivə təqdim edir. Hər iki prizma nöqteyi-nəzərindən xarici diplomatik fəaliyyətin mərkəzində dövlətin geosiyasi və geoiqtisadi maraq hədəfləri dayanır ki, bu da yeni dövr xarici siyasətin konseptual əsaslarını müəyyənləşdirməyə imkan verir.

Qafqazda regional idarəçilik və sülhün koordinatoru rollarının vəhdətində Azərbaycanın geosiyasi xarakteristikası üzərindən bölgəyə yeni siyasi, sosial, iqtisadi təməl vəd edən mexanizm dinamik balansı, geoiqtisadi inkişaf tempini və yeni əməkdaşlıq dəyərlərini şərtləndirir. Bölgədə sülh, sabitlik, təhlükəsizlik meyillərinin diqtə zərurətini bölüşməklə ardıcıl və sistemli inkişafa əsaslanan geostrateji inkişaf formulu qarşılıqlı əməkdaşlıq platformalarının perspektivini ifadə edir. Milli maraqlara əsaslanan xarici strategiyanın təməl prinsiplərinin dəyəri regional təhlükəsizlik və qlobal inkişafa töhfə ilə yanaşı, bölgədə davamlı iqtisadi inkişafa açdığı yeni multipolyar imkanlarla ölçülür. Regionun sabit və sülh aktoru Azərbaycanın dünyada beynəlxalq münasibətlər sisteminin geostrukturunda mühüm yer tutan bu iki meqatrendə qlobal miqyasda istinad etməsi Qafqazın fövqəli olaraq planetar nüfuz yüksəlişindən ötə mərama - bölgənin rəqabətqabiliyyətli qütbü iddiasına əsaslanır. Qlobal formasiyalara nüfuz imkanına malik olan strategiyanın determinantı yeni regional və beynəlxalq münasibətlər sistemidir. Təbii ki, qlobal çağırışlara cavab verən regional rəqabət mühitini inteqrasiya və sosial-iqtisadi zəminlərin qlobal dəyərləndirilməsi şərtləndirəcək. Qarabağ hərbi və siyasi nizamı ilə bir tərəfdən qlobal geosiyasətə yeni məzum çalarları gətirərkən, digər tərəfdən də geosiyasi məkanların Qafqaza baxış bucağında əsas nizamlayıcı aktora çevrilməkdədir. Domino effekti, yəni davranış və vərdişlərin zəncirvari reaksiyası baş verir. Qarabağ sferasında hərbi yüksəlişin zəncirvari geosiyasi effektləri qlobal gücləri Qafqazda yeni nizama uzlaşmaya səsləyir. Strateji ticari-iqtisadi dəhlizlərin qovşağına çevrilən Azərbaycanın praqmatik və qlobalmiqyaslı strateji təşəbbüskar kimi geosiyasi və mədəni imici bir çox regional və qlobal oyunçuları yeni mərhələdə qarşılıqlı səmərəli əməkdaşlıq prinsipinin tərəflərinə çevirir. Beləliklə, regionda yeni nizam geoiqtisadi inkişaf perspektivlərinə dair alternativsiz siyasət təqdim edən Azərbaycan və ən güclü geosiyasi aktor Türkiyə ətrafında qərarlaşır.

Geosiyasi və geoiqtisadi dinamikanın işığında bəhs edilən strategiyanın ana konseptini qlobal xarakteri və metasəviyyəsi ilə Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq konfiqurasiyası təşkil edir. Bu birliyin qlobal geostrateji mərkəzlərə birmənalı alternativ xarakteri tarixin mərhələli sınaqlarından uğurla və qazancla çıxan iki türk dövləti üçün adekvat haldır. Tarix boyu müstəqil siyasi dayaqları ən kafi asılılıq şərtindən belə uzaq olan iki coğrafi vəhdətin təkcə regionda deyil, eləcə də dünyada vahid tam halında yüksəlişi bütün kənar qlobal təsirlərə və müdaxilərə qarşı duruş gətirən alternativsiz sistem halına gəlməkdədir. Bu çoxbucaqlı birliyin geosiyasi cəhəti qlobal formasiyada mövcud status-kvonu risklərdən xilasa və preventiv uzlaşmaya çağırış ilə səciyyələnir, geostrateji mahiyyəti isə çoxtərəfli iqtisadi-siyasi əməkdaşlıq parametrləri ilə ölçülür. Bir sözlə, xarici siyasətinin prioritetində qarşılıqlı qonşuluq siyasətinə əsaslanan Azərbaycanın regional və qlobal inkişafa meyilli yeni xətti müasir dövrün çağırışlarına cavab verən geoiqtisadi kommunikativ perspektivlərlə zəngin inteqrasiya arealına malikdir. Şərq və Qərb arasında əsas qovşaq nöqtəsi, beynəlxalq əhəmiyyətli dəhlizlərin mərkəzi dövlətinin ərazi vahidliyinin bərpası ilə regional iqtisadiyyatın əsas lokomotivi olaraq sürətli qlobal inteqrasiya xəttində uzaq perspektivlərə dayanması dövlətin prinsipial strateji kursunun, xalqın rəhbərinə, dövlətinə inamının və birmənalı dəstəyinin nəticəsidir. Çünki müharibə dövlətin və xalqın vətəni uğrunda hazırlığını ehtiva edirsə, qələbə də bu milli vəhdətə inamın ifadəsidir. Sosial Təqiqatlar Mərkəzinin Vətən müharibəsindən öncə keçirdiyi ümummilli sorğuda Azərbaycan dövlətinin (94,4%) və xalqının (94,8%) müharibəyə tam hazırlığının ifadəsinə dair xalqın mütləq rəyi bir daha buna işıq salır. Bir qədər siyasi obrazda ifadə etsək, keçmiş Dağlıq Qarabağ probleminin nizamlanmasındakı gerçək nizama Çorçil reallığı ilə baxmaq kifayət etdi. Yeri gəlmişkən, keçmiş münaqişənin həllindəki həqiqəti öz ünvanından kənarda axtaran bütün siyasi Avropa “dəyərləri”çox uzaqda deyil, elə öz Qərbində zəif düşdükcə, tarixi irsinə sahib çıxan müstəqil milli dövlətlər Şərqində möhkəmlənir.

Yeni xarici siyasət konsepsiyası: geosiyasi çağırışlar kontekstində

Regional nizamın yaradıcısı, Avrasiyanın geostrateji mərkəzi Azərbaycan geoməkana açılan yeni üfüqləri və qlobal çağırışları ilə bölgədə dinamizmi dəstəkləməkdədir. Yekun sülh prosesinin gedişatına xarakterik praqmatik və ardıcıl xarici siyasətin qanunauyğun nəticəsi konkret zaman və şərait çərçivəsində strateji regional və qlobal hədəflərə dair mühüm siyasi əsaslar yaradır. Təsadüfi deyildir ki, dünya siyasətinin güc mərkəzləri Azərbaycanın beynəlxalq təhlükəsizlik arxitekturunun ayrılmaz halqası olduğunu qəbul edir və beynəlxalq münasibətlər sisteminə yeni dəyərlər təqdim edən bir dövlətin müstəqil dinamik xarici siyasəti ilə hesablaşırlar. Dünya siyasi arxitekturasının çağırışlarına cavab verən dinamik və praqmatik kurs regional və beynəlxalq əlaqələrdə yeni strateji prioritetləri və geosiyasi çağırışları da şərtləndirir. Xüsusilə də Azərbaycan-Türkiyə strateji konfiqurasiyasının qlobal miqyası transregional gedişata yeni geosiyasi parametrlər gətirməklə siyasi-iqtisadi proseslərin intuitiv inkişafına zəmin formalaşdırır. Siyasi nizamın geostrukturu sabitlik, təhlükəsizlik və inkişaf baxımından regional əlaqələrdə yeni mərhələnin başlanması ilə daha çox xarakterizə edildiyindən ikitərəfli və çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətə dəvət edən yeni əməkdaşlıq modellərini dəstəkləyir. Regional münasibətlər sisteminin yeni mərhələsində iqtisadi maraqlar balansını təmin edəcək struktural formul bölgənin təhlükəsizlik müqavimətini də artıracaq. Göründüyü kimi, geoiqtisadi maraqlar kontekstində təhlükəsizliyə xidmət edən və yeni geosiyasi çağırışlara çevik reaksiya verən xarici siyasət müasir dövrün tələbidir. Məhz bunun nəticəsidir ki, kifayət qədər dinamik və intensiv xarakteri, bütün sahələrdə identikliyi, regional və qlobal miqyasda sabitliyə xidməti sayəsində Azərbaycan dünya tərəfindən müstəqil xarici siyasəti ilə öz maraqlarını təmin edən dövlət olaraq tanınır.

Yekun sülh üçün xarakterik bu strateji xəttin geosiyasi proyeksiyası yeniləşən formasiyada siyasi müstəqilliyimizi və milli dövlət maraqlarımızı ən ali dəyər olaraq təqdim edir. Ümumiyyətlə, Azərbaycan ərazi bütövlüyünün həllində dünya tarixinə unikal yenilik və nümunələr bəxş etməklə yanaşı, beynəlxalq hüquqa əsaslanan qanuni nizam alternativi təqdim etdi. Regionun fundamental geosiyasi və geoiqtisadi təhlükəsizlik sisteminə təkan verməsi ilə bu sistematik alternativ münaqişələrin həllində produktif təsiretmə mexanizminə malik olmayan ATƏT və digər Avropa təsisatlarının iflasına dair mühüm hüquqi əsasdır. Beynəlxalq təhlükəsizliklə birbaşa bağlantısı olan dövlətlərarası münaqişələrdə hüquqi tənzimləmə mexanizminə əsaslanmayan təsisatların süqutu dünyada konfliktlərin azalmasına, beynəlxalq təhlükəsizliyə əhəmiyyətli təsir göstərəcək. Bu gün beynəlxalq hüquq normalarının tətbiqindəki ikili və subyektiv yanaşmalar dünyada qarşıdurmaların və konfliktlərin adekvat səbəblərindən biridir. Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün bərpasında yaratdığı presedent dünyada suveren əsasda qlobal beynəlxalq təhlükəsizliyə bir çağırışdır. Türkiyə qarşılıqlı münasibətlərin formalaşmaqda olan konfiqurasiyasında regional maraq və təhlükəsizliyə istənilən təhdidlərə qarşı çevik müqavimətin tənzimləyicisi qüvvəsidir. Türkiyənin konstruktiv geosiyasi rolu və siyasi prosesə adekvat diplomatik təmsilçiliyi son zamanlar ATƏT-in Minsk qrupunun siyasi prosesə qaytarılması ilə bağlı lokal cəhdləri neytrallaşdırmaqla bərabər, sülhməramlıların nəzarətinə olan ərazilərə inteqrasiya prosesində bütün mümkün kənar risklərin idarə edilməsi baxımından preventiv əsaslıdır.

Yekun olaraq Qafqazda yeni nizamın arxitektoru kimi Azərbaycanın transregional məkanın yenidən inşasında əsaslandığı strateji mexanizm regional maraq və təhlükəsizliyə qarşı istənilən risk hədlərinə proaktiv təyinatlıdır, real ehtiyat siyasi-iqtisadi təsir imkanlarına və adekvat çevik manevr sferasına malikdir.



Teqlər:





Xəbər lenti