Naxçıvanda 47 gənc müəllim işlə təmin olunub

Naxçıvanda 47 gənc müəllim işlə təmin olunub
  23 Yanvar 2021    Oxunub:1989
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə görüş keçirilib.
Azvision.az -ın məlumatına görə, tədbirdə təhsil naziri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi təhsil də dövlət qayğısı ilə əhatə olunub, təhsil müəssisələrinin maddi-tədris bazası müasirləşib. Bununla yanaşı, muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm tədbirlər görülüb, müəllimlərin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə, 2019-cu il sentyabrın 1-dən isə müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.

Təkcə ötən dərs ilində ümumtəhsil məktəblərindən 1500-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb olunub. Müəllimlər diaqnostik qiymətləndirmədən keçib, şahmatı tədris edən müəllimlərin ödənişsiz sertifikasiyası keçirilib, 505 müəllim sertifikatla təmin edilib. 2021-ci ilin yanvar ayından isə Naxçıvan Muxtar Respublikasının dövlət ümumtəshil müəssisələrində işləyən müəllimlərin sertifikasiyasına başlanılıb.

Nazir bildirib ki, qəbulla bağlı keçirilən müsabiqələrdə yüksək nəticə göstərən kadrlardan 466-sı müəllim, 140-ı isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə 606 gənc kadr işlə təmin olunub. 437 gənc kadr kənd məktəblərini seçdikləri üçün bu məktəblərdə kadra olan ehtiyac ödənilib.



Rəhman Məmmədov yanvarın 11-də yekunlaşan müəllimlərin işə qəbulu imtahanında 156 vakant yerə 261 müraciətin olduğunu diqqətə çatdıraraq bildirib ki, onlardan 136-sı keçid balını toplayıb. Keçid balını toplayanlardan 47-si yüksək nəticə göstərdiyindən müvafiq vakant vəzifəyə təyin olunub. İşə qəbul edilənlərdən 20-si stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu 14 məktəbi seçib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbir və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı ilə ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi, həmin ixtisaslarda təhsil alan tələbələrin ixtisaslı kadr kimi formalaşması ilə yanaşı, onların işlə təminatına da öz müsbət təsirini göstərib. Bunun nəticəsidir ki, işlə təmin olunan 47 müəllimdən 40-ı Naxçıvanda yerləşən ali təhsil müəssisələrində təhsil alıb. Bunlardan 32-si Naxçıvan Dövlət Universitetinin, 5-i Naxçıvan Müəllimlər İnstitutunun, 3-ü isə Naxçıvan Universitetinin pedaqoji profilli ixtisaslarının məzunlarıdır.

Nazir bildirib ki, muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, gənc müəllimlərdən 21-i şəhər və rayon mərkəzlərində yaşasalar da, kənd məktəblərində işləməyə üstünlük veriblər.

Rəhman Məmmədov işə yeni təyin olunan gənc müəllimləri təbrik edib, onlara hərtərəfli biliyə, geniş dünyagörüşünə, xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən nəsil yetişdirilməsində səylə çalışmalarını tövsiyə edib.

Azvision.az


Teqlər: Naxçıvan   Müəllim   Məktəb  





Xəbər lenti