Nizami Gəncəvinin irsinə və ideallarına yenidən qayıdış

Nizami Gəncəvinin irsinə və ideallarına yenidən qayıdış
  06 Yanvar 2021    Oxunub:3014
Prezident İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simaların tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsidir. Bu, həm də Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına, adlı-sanlı ədəbi-tarixi şəxsiyyətlərimizə yenidən qayıdış istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür.
Bunu Azvision.az -a açıqlamasında AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli deyib. O bildirib ki, bundan əvvəl, 2019-cu ilin “Nəsimi ili” adlandırılması bu görkəmli şair və mütəfəkkirin Azərbaycan və dünyaya yenidən tanıdılması sahəsində mühüm addımların atılmasına, ciddi dönüşün baş verməsinə şərait yaratmışdır:

"Hesab edirəm ki, Azərbayanda və dünyada kifayət qədər tanınan və böyük şöhrət qazanmış Nizami Gəncəvinin zəngin bədii irsini də müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməklə bu görkəmli sənətkarı daha dərindən kəşf etməyə və bütün parlaqlığı ilə tanıtmağa ehtiyac var. “Nizami Gəncəvinin nəsil şəcərəsi”, “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq”, “Nizami Gəncəvinin dövlətçilik ideaları və müasir dövr”, yaxud “Nizami Gəncəvi və Azərbaycan renesansı” və sair kimi problemlər məhz indi, müstəqilliyimizin inkişaf etdiyi bizim günlərdə daha çox aktuallıq kəsb edir. Möhtərəm Prezidentimizin “Nizami ili” haqqındakı mühüm tarixi əhəmiyyətə malik olan Sərəncamı Nizami Gəncəvinin həyatı və yaradıcılığını bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil etməyə geniş imkan yaradan tarixi sənəd kimi mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Nizami ili” ilə əlaqədar imzaladığı Sərəncam vaxtı ilə ümummilli lider Heydər Əliyevin 1979-cu ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsinin tədqiqi, tərcümə və nəşr edilməsi haqqında qəbul etdiyi qərar əsasında həyata keçirilmiş tədbirlərə yenidən qayıtmaq, başlanmış mühüm işləri daha geniş miqyasda və əhatəli şəkildə, yaradıcılıqla davam etdirmək üçün də geniş meydan açır".



Akademik hesab edir ki, bu baxımdan Nizami Gəncəvinin əsərlərinin dünya dillərinə tərcüməsi, “Xəmsə”nin akademik nəşrinin hazırlanıb çap olunması görkəmli sənətkarın haqqında xarici dillərdə tanıtma kitablarını yazıb nəşr etdirmək baxımından da qarşıda mühüm vəzifələr durur.

"Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölmələrini əhatə edən elmi tədqiqat institutları Prezident Sərəncamının əsasında müasir dövrün yüksək tələblərinə cavab verən elmi əsərlər yazıb nəşr etdirməyi özlərinə şərəfli borc hesab edirlər. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən “Nizamişünaslıq” şöbəsinin əməkdaşları son üç il ərzində üzərində çalışdıqları, ilk mənbələrə, orijinal mətnlərə istinad etmək əsasında yazılmaqda olan “Nizami Gəncəvinin həyatı və yaradıcılığı”, “Nizami Gəncəvinin elmi tərcümeyi-halı” mövzularında monoqrafiyaları tamamlayıb ictimaiyyətə təqdim edəcəklər.

Bundan başqa, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə 2017-2020-ci illərdə həyata keçirdikləri “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının da 2021-ci ildə Bakıda və Tbilisidə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsi nəzərdə tutulur. Ədəbiyyat İnstitutunun əməkdaşları “Nizami Gəncəvinin görkəmli davamçısı Əmir Xosrov Dəhləvi” adlı monoqrafiya üzərində də tədqiqat işlərini davam etdirirlər. Bundan başqa, uzun illərdən sonra nəşri yenidən bərpa edilmiş “Nizamişünaslıq” albomunun ikinci sayı da bu il oxuculara çatdırılacaq. Eyni zamanda, Ədəbiyyat İnstitutunun əməkdaşlarından Zəhra Allaahverdiyeva, Vəfa Hacıyeva və Hacı Siracəddinin Nizami Gəncəvinin həyatı və yaradıcılığının aktual problemlərinə həsr olunmuş doktorluq dissertasiyalarının müzakirəyə çıxarılacağı da gözlənilən mühüm tədbirlərdən biri ola biləcək".

İ.Həbibbəyli qeyd edib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında qəbul edilmiş Prezident Sərəncamı yeni nəsillərdə milli iftixar, azərbaycançılıq, vətənpərvərlik duyğuları aşılamaq, milli-mənəvi özünüdərk proseslərini daha geniş şəkildə təbliğ etmək üçün də qarşımızda yeni perspektivlər açır:

"Bu istiqamətdə ümumtəhsil məktəblərindən başlamış elm və mədəniyyət müəssisələrinə qədər hər yerdə, kütləvi informasiya vasitələrində düşünülmüş təbliğat işləri aparmaq hər bir ziyalının borcudur. Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami ili” elan olunması haqqında Sərəncamı Nizami Gəncəvi kimi dünya miqyaslı qüdrətli sənətkara yenidən qayıdış üçün Azərbaycan ziyalılarını səfərbər olmağa çağırır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nizami-Gəncəvi-ili  





Xəbər lenti