İmran Cəfərzadə yeriməyə başlayıb

İmran Cəfərzadə yeriməyə başlayıb
  13 Fevral 2014    Oxunub:1528
Ötən yay Nabran Holiday Village akvaparkında bədbəxt hadisə nəticəsində hər iki ayağını itirən 4 yaşlı İmran Cəfərzadə müvəqqəti protezlər vasitəsilə yeriməyə çalışır.

Azərbaycanın Almaniyadakı səfirliyinin press-ataşesi Vüqar Qafarovun məlumatına görə, hazırda balaca İmran Almaniyanın “Bavariya” reabilitasiya mərkəzində fizioterapiya kursu keçir, həkimlər onun yeriməsi üçün əllərindən gələni edirlər.

“Xüsusi protezlər hesabına İmranın ayaqlarının hərəkət funksiyası bərpa edilib. Bundan sonra xüsusilə onun ayağı üçün yeni protez hazırlanacaq”- diplomat bildirib.

Onun sözlərinə görə, İmranın müalicəsinin ümumi gedişatını izləyən Charite Berlin tibb kompleksinin həkimləri müsbət rəy verərlərsə, növbəti mərhələdə İmran vətənə geri dönəcək. Buna baxmayaraq onun konkret olaraq nə vaxt qayıdacağını demək hələ tezdir.

Qafarov əlavə etdi ki, hazırda İmranın fiziki və psixoloji vəziyyəti normal qiymətləndirilir.

Xatırladaq ki, 2013-cü il iyulun 21-də Nabran Holiday Village istirahət mərkəzində valideynləri ilə birgə dincələn İmran, akvaparkdakı hovuzun nasos sisteminə düşüb. Su trubasının təhlükəsizlik barmaqlıqları olmadığından körpənin hər iki ayağı kəsilib.

Mərkəzi klinik xəstəxanada İmranın sol ayağı remplantasiya olunmuşdu. Uşağın sağ ayağının dizdən aşağı hissəsini isə saxlamaq mümkün olmamışdı.

Faktla bağlı cinayət məcəlləsinin 162.1 və 314.2 bəndinə əsasən cinayət işi açılmışdı.

Hazırda İmran Cəfərzadə Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət hesabına müalicə olunur. İmranın işini Azərbaycan prezidenti şəxsi nəzarəti altına götürüb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti