Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair saziş imzalandı

  01 Dekabr 2020    Oxunub : 2095
Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair saziş imzalandı
Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında saziş imzalanıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanıb ki, 11 noyabrda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün videokonfrans formatında anlaşma memorandumu imzalayıblar.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin qurulması və vəzifələri ilə əlaqədar texniki detallara dair danışıqlar başa çatıb və saziş imzalanıb. Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımi işlər aparılır", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, bölgədə 10 noyabr tarixindən atəşkəs başlayıb. Atəşkəsə riayət edilib-edilmədiyini monitorinq etmək üçün işğaldan azad olunmuş Azərbaycan ərazisində Rusiya ilə birgə Monitorinq Mərkəzi yaradılacaq.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyini Azərbaycan müəyyən edəcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: SergeyŞoyqu