“Fransanın həmsədrlikdən uzaqlaşdırılması realdır” - Politoloq

 “Fransanın həmsədrlikdən uzaqlaşdırılması realdır” -  Politoloq
  27 Noyabr 2020    Oxunub:1940
Son vaxtlar Fransanın ermənipərəst mövqe sərgiləməsi, açıq-aşkar separatçılara dəstək olması bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsini gündəmə gətirib.
Fransa Senatının qondarma "Dağlıq Qarabağ respublikası" ilə bağlı qərəzli qətnamə qəbul etməsi və ümumilikdə rəsmi Parisin son davranışları bu ölkənin işğalçı ilə eyni sırada yer aldığını göstərir. Artıq Azərbaycan Parlamentində Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar xüsusi bəyanat hazırlanıb və hökumətə tövsiyyə edilib. Sözügedən bəyanatda Fransanın həmsədrlikdən kənarlaşdırılması təklif olunur.

Məsələni Azvision.az -a şərh edən politoloq Qabil Hüseynli deyib ki, Fransa əslində yanlış addımları ilə özü-özünü Minsk Qrupundan kənarda saxlayıb. Bundan başqa, hazırda Minsk Qrupunun taleyi ciddi sual altına düşüb:

“Türkiyə və Rusiya bölgədə bütün məsələlərin həllini öz üzərlərinə götürməyə çalışır. Minsk Qrupunu isə yalnız müəyyən prosedurlara yaxın buraxmaq istəyirlər. Amma sülh şərtləri, tərəflər arasında olan razılaşma kimi məsələlərin bu iki dövlət vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə bu bir reallıqdır ki, Azərbaycan Fransanın Minsk Qrupunda təmsil olunmasına ciddi surətdə etiraz edir və bundan sonra da edəcək. Fransaya nota verilməsi, Fransadakı səfirimizin geri çağırılması haqqındakı düşüncələr, fransız mallarının boykot edilməsi çağırışları və s. kimi məsələlər onu göstərir ki, Fransa bizim üçün bölgədə Ermənistanın özü qədər problemə çevrilib. Həqiqətən də regionda əsən fransız yeli Qafqaz üçün ciddi bir problemdir. Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar da deyir”.

Qabil Hüseynlinin sözlərinə görə, rəsmi Paris neytrallıq, bitərəflik nümayiş etdirmək əvəzinə, açıq şəkildə qanuni ərazilərimizi işğalda saxlamış Ermənistanı müdafiə edir. Bu da azmış kimi separatçı rejimi - qondarma “Dağlıq Qarabağ respublikasını” müdafiə edir, hətta tanımaq istəyir:

“Fransanın təmsil olunduğu Minsk Qrupu sülhyaratma prosesi üçün məsul olan bir qurumdur. Onların indiyə kimi heç bir iş görə bilməməsi bir yana, üstəlik bölgədə qarşıdurma yaratmaq istəyi qəbuledilməzdir. Hətta Azərbaycanla Ermənistan arasında yeni müharibəyə səbəb olacaq təhlükəli addımlar atırlar. Bu nöqteyi-nəzərdən mən Fransanı artıq Minsk Qrupunun tərkibində görmürəm. Güman edirəm ki, Azərbaycan bununla bağlı ATƏT rəhbərliyinə, BMT-yə müraciət üvanlayacaq.

Həmsədrlərdən birinin uzaqlaşdırılması realdır. Bunun üçün münaqişə tərəflərindən biri etiraz edərək bunu əsaslandırarsa, həmin həmsədrin Minsk Qrupundan çıxarılması prosesi gündəmə gəlir. Bu, əsasən BMT səviyyəsində müzakirə edilir. Çünki mandatı ATƏT-ə verən bu beynəlxalq qurumdur. Beləcə, təkliflər irəli sürülür və etiraz edən tərəfin təklifləri dinlənilir. Azərbaycan yəqin ki, Minsk Qrupu fəaliyyətdə qalarsa, onun tərkibinə Türkiyəni təklif edəcək. Amma bu konsensus yolu ilə həll edilməlidir. Yəni məsələyə Ermənistan da razı olmalıdır. Ermənistan buna razı olmasa, o zaman ümumilikdə rəsmi Bakı ATƏT-in Minsk Qrupunu qəbul etməyə bilər. Bakının təklifi istər-istəməz nəzərə alınmalıdır.

Qısası, Fransanın Minsk Qrupunda olması sülhyaratma prosesinə ləkədir. Fransızların bütövlükdə bölgədəki son davranışları, açıq-aşkar ermənipərəst siyasət yürütmələri Azərbaycanın suverenliyinə təhdid, heysiyyatına toxunan addımlardır. Ölkəmiz bunun üçün Fransanın sözügedən qurumdan çıxarılmasını mütləq şəkildə tələb etməlidir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qabil-Hüseynli   Fransa   Həmsədr  





Xəbər lenti