Altıgünlük müharibə: Üç ölkəni birdən necə məğlub etmək olar

      Altıgünlük müharibə:    Üç ölkəni birdən necə məğlub etmək olar
  23 Aprel 2024    Oxunub:7079
Biz birinci yazıda Altıgünlük Müharibə zamanı İsrailin havada üstünlüyü necə ələ almasından və qarşı tərəfin aviasiyasını çox qısa müddətdə necə tamamilə məhv etməsindən söz açmışdıq. Bundan sonra Sina yarımadasının şərqində və Qəzza zolağında quru döyüşləri başladı. General İsrael Talın diviziyası ağır itki hesabına olsa da, Rəfah və Xan Yunus bölgələrində düşmənin müdafiəsini yarıb, Qəzzaya doğru irəlilədi. Növbəti günortaya qədər şəhər təslim oldu.
Sonra Tal dərhal əsas qüvvələrini Sinayın inzibati mərkəzinə – El-Arişə doğru hərəkət etdirdi. Bu zaman Ariel Şaron eyni dərəcədə çətin vəzifə ilə üzləşdi: yarımadanın mərkəzindəki müdafiəni yarmaq və Misir bölmələrini Əbu Aveigila - Um Qataf xəttindən vurub çıxarmaq. Bir sıra diqqəti yayındıran manevrlərdən sonra bu mövqeni mühasirəyə alan İsrailin gələcək baş naziri qaranlıqda hücuma keçmək qərarına gəldi. O, əsgərlərinin gecə döyüşü üçün ərəblərdən qat-qat yaxşı hazırlandığına inanırdı və yanılmırdı: səhərə yaxın düşmən geri çəkildi. Sonralar Şaron bütün ömrü boyu Misir istehkamlarının ələ keçirilməsini İsrail ordusunun reallaşdırdığı ən çətin əməliyyat hesab edib. Bu döyüş bütün hərb sənəti dərsliklərinə daxil olunub.

Nəhayət, general Abraham İoffenin tamamilə ehtiyat qüvvələrdən ibarət üçüncü bölməsi (onların komandiri mülki həyatda Təbiəti Mühafizə Cəmiyyətinə rəhbərlik edirdi) Cəbəl Libni bölgəsinə zərbə endirdi. İoffe adi ordudan heç bir şəkildə geri qalmamaq üçün hər cür səy göstərirdi.
“Hindquşu ovu”: İsrail üç ölkənin aviasiyasını bir gündə necə məhv etmişdi

"Misirlilər əla əsgərlərdir: nizam-intizamlı, möhkəm, lakin onların zabitləri heç nəyə yaramır",- müharibədən sonra Şaron xatırlayırdı. Zabitlər həqiqətən də tabeçiliklərində olanlara təkəbbürlü, böyüklərə qarşı laqeyd münasibətləri ilə tanınırdılar. Plan və direktivlərdə nəzərdə tutulmayan, tanış olmayan vəziyyətə düşəndə özlərini tamamilə itirir, passiv şəkildə təlimat gözləyirdilər. Vəziyyətin ümidsiz olduğunu anlayanda əsgərlərini tez-tez taleyin ümidinə buraxaraq qaçırdılar.

İsrail ordusunda isə əksinə, təşəbbüskarlıq, müstəqillik, hazırcavablıq və bütün rütbələr arasında hörmətli münasibətlər vardı. İsrail zabitləri onlardan birinin obrazlı ifadəsilə desək, “irəli!” deyil, “ardımca gəl!” əmrini verirdilər. Buna görə də yəhudilər arasında öldürülən və yaralanan zabitlərin faizi məğlub etdikləri ərəblərlə müqayisədə xeyli yüksək idi. “Bizim baş planımız yox idi, - Veysman etiraf edirdi, - amma bütün hallara qarşı, hətta Şimal qütbünü ələ keçirmək planı da var idi... Planlar zabitlərin döyüş meydanında baş verənlərdən asılı olaraq binalar tikdiyi kərpiclər kimidir”.


Bundan əlavə, israillilər nə üçün mübarizə apardıqlarını daha yaxşı bilirdilər. Anlayırdılar ki, məğlub olduqları halda nə özləri, nə də yaxınları xilas ola biləcəklər.

Aviasiya itkisindən sonra da müharibə ərəblər üçün ümidsiz şəkildə uduzulmamışdı. Misirlilər beynəlxalq ictimaiyyətin müdaxiləsini və atəşkəs gözləyərkən yenidən toplanaraq ikinci müdafiə xəttində, əks hücuma keçə bilərdilər. Ancaq bunun üçün yüksək effektivli komandanlıq tələb olunurdu ki, o da yox idi. Başını və ümidini itirmiş Amir hamıya Süveyş kanalına doğru tələsik geri çəkilməyi əmr etdi və bununla da ölkəsini son şansdan məhrum etdi. Nasirin diviziyaları yol boyu bahalı və hələ ki döyüşə hazır olan sovet texnikalarını ataraq, kanala doğru axışdılar. Lakin onlar bilmirdilər ki, Süveyşə gedən əsas nəqliyyat yolları olan Mitla və Giddi aşırımları artıq İsrail qoşunları tərəfindən tutulub. Düşmən arxasına cəsarətlə atılan iki İsrail diviziyası misirlilər üçün ölümcül tələ hazırlayır, üçüncüsü isə onları bu tələyə salırdı. Tezliklə keçidlərə yaxınlaşma misirlilər üçün yeni “Ölüm Vadisi”nə çevrildi. Yüzlərlə tank yandırıldı, bir neçə min insan öldürüldü, yaralandı və əsir götürüldü.

Düz dörd gün ərzində yəhudilər yeddi Misir diviziyasını - 100 minlik ordunu məğlub edə bildilər. Artıq kanalın cəmi bir neçə kilometrliyində olduqları üçün heç bir müqavimətlə qarşılaşmadan Qahirəyə doğru irəliləyirdilər. Bunu sonralar Camal Əbdül Nasir özü də etiraf etmişdi.

Parçalardan yığılan Yerusəlim

Bu kritik saatlarda belə misirlilər üçün hərbi maşından daha yaxşı işləyən təbliğat xalqı saxta hesabatlarla qidalandırmağa davam etsə də, prezidentin işini asanlaşdırmadı. Nasir də I Fransisk kimi başa düşürdü ki, “Şərəfdən başqa hər şey itirlib”. Müharibə günlərində İsrail kəşfiyyatı onun Hüseynlə söhbətini dinləyə bilmişdi. Liderlər “zəif” düşmənin uğurlarına görə kimin günahkar olduğu haqda məsləhətləşmiş və sonda Amerika ilə Britaniya Hərbi Hava Qüvvələrinin İsrailin tərəfində vuruşduğunu bəyan etmək qərarına gəlmişdilər!.. Yeri gəlmişkən, sonralar İordaniya kralı yalan danışdığını etiraf etmiş və üzr istəmişdi. Amma Nasir ömrünün sonuna qədər israr etdi. Üstəlik, bütün mümkün vasitələrlə Sovet İttifaqını öz fantaziyasına inandırmağa və müharibəyə sürükləməyə çalışdı, amma nəticəsiz qaldı: Moskvanın, təbii ki, öz məlumat mənbələri var idi.

Bu qısamüddətli qarşıdurma zamanı ən mühüm hadisələr İordan çayının qərb sahilində və Yerusalimdə baş verdi. 1948-ci ildə fələstinlilərdən ilk ayrılma zamanı israillilər üç dinin ən müqəddəs yerlərinin olduğu köhnə şəhərin şərq hissəsini saxlaya bilməmişdilər. Qüds beynəlxalq vasitəçiliklə İsrail dövləti ilə İordaniya arasında bölünmüş və yəhudilər əsas ziyarətgah olan Qərb Divarına çıxışı itirmişdilər. Bu itki milli ideologiya üçün çox həssas məqam idi. Təbii ki, onlar bütün Qüdsü geri qaytarmağı xəyal edirdilər, lakin bu halda iki cəbhədə müharibədən qorxurdular.


Kral Hüseyn əvvəlcə döyüşmək qərarına gəldi, lakin sonra şəhərin qərb hissəsini və İsrailin bütün sahil vadisini artilleriya atəşinə tutmaq əmri verdi. Vadinin ən dar nöqtəsindəki eni cəmi 15 kilometrə çatırdı, iordaniyalılar hücum edərək düşmənin ərazisini iki yerə bölə bilərdilər. İordaniya aviasiyasına dəyən böyük zərər Əmmandakı “qırğı”ların ehtirasını soyutdu, lakin geri çəkilmək çox gec idi. Ərəb legionu general Riadın komandanlığı altında artıq geniş kampaniyaya başlamışdı. Döyüşün lap əvvəlində bütün diqqət Sinaya yönələndə Mərkəzi Cəbhənin komandiri Uzi Narkis ilkin əmrə uyğun hərəkət etdi: “Hücumu dayandırın və əks-hücuma başlamayın”. Ancaq Misir üzərində qələbə bəlli olan kimi, dispozisiyanı kökündən dəyişdirmək qərara alındı: Sinaydan köçürülən polkovnik Mota Gurun desant briqadası Narkisin nəzarətinə keçdi, İsrailin tank ekipajları Yəhudeya və Samariyadakı İordaniyalılara hücum etdilər.

General Ata Əlinin başçılıq etdiyi Qüds qarnizonu kifayət qədər məharətlə və igidcəsinə müdafiə olundu, yəhudilər böyük itki verdilər. Bununla belə, daha yaxşı təlim və tam hava üstünlüyü öz işini gördü - mühasirəyə alınanlara kömək etməyə gedən qüvvələr şəhərin girişində məhv edildi. Polis məktəbi və israillilər üçün Altıgünlük Müharibənin “Stalinqrad”ına çevrilən Arsenal təpəsi uğrunda şiddətli döyüşlərdən sonra Qurun paraşütçüləri Köhnə Şəhəri mühasirəyə aldılar. Nəhayət, Qur həyəcandan qırılan səsiylə Narkisə xəbər verə bildi: “Məbəd dağı əlimizdədir”. Yəhudilər 19 illik fasilədən sonra yenidən öz Divarlarına qovuşdular.


Divarın qarşısındakı meydanda atışma hələ səngiməmiş İsrail ordusunun baş ravvini artıq kadişi (ölülər üçün xatirə duası) oxumaq, şofarı (qoç buynuzundan hazırlanmış ayin şeypuru) çalmaq, qələbəni "şəhərə və dünyaya" elan etmək üçün türbəyə can atırdı: "Mən, İsrail ordusunun baş ravvini general Şlomo Qoren buraya gəldim və bu yeri bir daha tərk etməyəcəyəm". Altıgünlük müharibənin əsas döyüşləri Sinayda baş versə də, onun tarixi, şübhəsiz ki, burada yazılıb. Həmin gün İsrail əsgərləri iordaniyalıları Beytləhm, Hebron və Nablusdan qovaraq, İordan çayının qərb sahilini ələ keçirdilər. Bundan sonra tərəflər atəşkəs barədə razılığa gəldilər.

Qolandan qalanlar

Dəməşq döyüşə girməyə tələsmirdi. İlk günlərdə suriyalılar yalnız sərhəd zonasına artilleriya zərbələri endirməklə və yerli reydlərlə kifayətləndilər. SSRİ ilə silahlı münaqişədən qorxan İsrail də irəliləməkdən çəkinirdi. Ancaq İsrailin digər müharibə səhnələrində uğurlarının miqyası məlum olanda Şimal Cəbhəsinin komandiri David Elazar öz hökumətini inandırmağa çalışdı ki, Suriyanın “quldurluğuna” birdəfəlik son qoyulmalıdır.

Eşkol özü də bu quldurluqdan əziyyət çəkən şimal kibbutu Dqaniyanın üzvü olsa da, həmişəki kimi tərəddüd edirdi. Nəhayət, nazirlər ümumi qərara gəldilər ki, belə fürsət bir də heç vaxt yaranmayacaq və Moşe Dayan hücum əmrini verdi.

İyunun 9-da səhər saatlarında israillilər qızmar günəş və güllə yağışı altında o vaxtdan adı bütün dünyada məşhur olan çılpaq bazalt yamacları ilə yuxarı - Qolan təpələrinə qalxdılar. Bu əsgərlərin çoxu şimal yaşayış məntəqələrində böyümüş və Suriyada dəfələrlə oddan-alovdan sağ çıxmışdılar, ona görə də, döyüş ruhları yüksək idi.


Bu arada Suriya batareyaları qoşunlara deyil, inadla mülki hədəflərə atəş açmağa davam edərək sovet təlimatçılarını hiddətləndirdilər. Bununla belə, axşama yaxın ərəblərin müdafiəsi yarıldı. Ertəsi gün saat 19.30-da onlar Yüksəkliklərdən geri çəkilməli oldular. Yəhudi dövlətinin sonuncu rəqibi hərbi məğlubiyyətini etiraf etdi.

Beləliklə, tam zəfər qazanıldı. 1960-cı illərdə Yer kürəsində hər hansı dövlətin milli qürur duymaq üçün İsrailin o günlərdəki qələbəsindən daha böyük səbəbi ola bilməzdi.

Təbii ki, onun da “şkafda öz skeletləri” var. Məsələn, yəhudilər 1967-ci il iyunun 8-də amerikalılarla dostluqlarının necə ciddi sınaqdan keçirildiyini xatırlamamağa üstünlük verirlər. Sinay sahillərindən 23 kilometr məsafədə açıq dənizdə Davud ulduzlu təyyarələr və torpedo qayıqları " təsadüfən” Amerika kəşfiyyat gəmisinə hücum etdi. 34 dənizçi həlak oldu, 170 nəfər yaralandı. Bunun niyə baş verdiyini Allah bilir; bəlkə də, bu həqiqətən qəza idi, hərçənd ki, bu günə qədər daha incə konspiroloji şərhlər verənlər var.

Bir həftə və onlarla il

İsrail ordusunun 6 günlük qalibiyyət yürüşündə itkiləri təxminən 800 ölü və 2500 yaralı oldu. Ərəblər böyük ərazilərlə yanaşı, 15.000-dən çox itki verdilər, on minlərlə insan xəstəxanalara, 6.000 nəfər (o cümlədən 21 general) əsir düşərgələrinə göndərildi. Misir ordusu silahlarının 80%-ni itirdi.

Ərəb dünyası bir şok yaşadı və uzunmüddətli depressiyaya düşdü, bölgədə güc balansı əhəmiyyətli dərəcədə dəyişdi. Tərəflərin gələcək hədəfləri də dəyişdi. 1967-ci ilə qədər ərəblər İsrail dövlətini məhv etməyə çalışırdılarsa, indi yalnız müharibədə itirilmiş əraziləri qaytarmaq barədə düşünməli idilər. Yəhudi dövləti də öz növbəsində onları özündə saxlamağın qayğısına qalmağa başladı. Onları yalnız mövcud olmaq hüququnun tanınması müqabilində geri qaytara bilərdi.

Bir çox cəhətdən yadda qalan bu müharibə, əlbəttə ki, hər bir fövqəldövlətin öz tərəfdarlarını dəstəklədiyi və onların mənafeyinə diqqət yetirdiyi başqa, qlobal, "soyuq" müharibənin bir epizodu idi. Yaxın Şərqin döyüş meydanları Sovet və Amerika silahları üçün əla sınaq meydançası rolunu oynayırdı. Bununla belə, dünya siyasətinin nəhəngləri xəlvətcə acı bir həb udmalı oldular: onların təsiri heç də hüdudsuz olmadı - axı nə SSRİ, nə də ABŞ qan tökmək istəyirdi, lakin Moskva Misiri və Suriyanı, Vaşinqton da İsraili ondan saxlaya bilmədi.

Reputasiyası həqiqətən ciddi şəkildə zədələnən BMT oldu. Dünya təhlükəsizliyinin rəsmi qarantı bu rolda tam uğursuzluğa düçar oldu.
SSRİ İsraillə diplomatik əlaqələri kəsdi. Bir çox ərəb ölkələri hətta Vaşinqtondan öz səfirlərini geri çağırdılar. Süveyş kanalı bir neçə il gəmiçiliyə bağlandı və bu, dünyada neft qiymətlərinin artmasına səbəb oldu.


Çox keçmədən bu ərazidə yenidən İsrail və Misir arasında toqquşmalar başladı. Sonradan tarixçilər onları “Yorucu Müharibələr” adlandırdılar. Sinayı silah gücü ilə geri almaq ümidini itirən Qahirə Təl-Əvivlə sülh müqaviləsi bağladı. Yarımada Misirə qayıtdı və o vaxtdan İsrail dövlətinin cənub-qərbdən toxunulmazlığı təmin edildi.

Qolan təpələri və İordan çayının qərb sahili hələ də İsrailin nəzarətindədir (2019-cu ildə ABŞ Qolan təpələrini İsrail ərazisi kimi tanıyıb). Yəhudilərlə Fələstin ərəblərinin Yəhudeya səhraları, Samariya təpələri və Qüdsün müqəddəs yerləri uğrunda mübarizəsi 1967-ci ilin iyun ayından, həmin taleyüklü günlərdən bəri səngimir. Son döyüşün nə vaxt olacağı və bitmək bilməyən Altıgünlük Müharibənin son qurbanının kim olacağı bəlli deyil.

Tariyel Həsənov
AzVision.az

Mövzu sizə maraqlıdırsa, bu yazıları da qaçırmayın:
130 illik qarşıdurma: İsrail-Fələstin münaqişəsinin qısa tarixi
"Muşketyor" əməliyyatı və Süveyş böhranı: İsrail Qəzzanı necə tutmuşdu
“Hindquşu ovu”: İsrail üç ölkənin aviasiyasını bir gündə necə məhv etmişdi


Teqlər:   İsrail   Fələstin  





Xəbər lenti