Sabah işıqlar söndürüləcək

 Sabah işıqlar söndürüləcək
  22 Mart 2013    Oxunub:1450
Martın 23-də yerli vaxtla saat 20:30-da Bakı şəhərində Alov Qüllələri (Flame Towers), Şirvanşahlar Sarayı, Məhəmməd məscidi, o cümlədən şəhərimizin digər 10-a yaxın müasir və tarixi binalarının fasadının işıqlandırılması bir saat müddətində dayandırılacaq.
Son dövrlərdə dünyada iqtisadiyyatın inkişafı, demoqrafik artım və s. kimi proseslər nəticəsində təbiətə olan texnogen təsirlərin miqyası genişlənir. Bəşəriyyətin enerjiyə olan tələbatı artdıqca ətraf mühitə atılan istixana effekti yaradan karbon tullantılarının miqdarı da çoxalır. Atmosferdə qaz balansının dəyişməsi isə bir çox ekoloji problemlərin yaranmasına, o cümlədən qlobal istiləşmə, iqlim dəyişkənliyi kimi fəsadların meydana gəlməsinə şərait yaradır.

IDEA-dan Trend-ə verilən məlumata görə, bu problemlərlə mübarizədə hər il mart ayının sonunda Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən təşkil edilən "Yer saatı" (Earth Hour) aksiyası çərçivəsində müxtəlif ölkələrdə yaşayan milyonlarla insan birləşərək 1 saatlıq elektrik enerjisindən istifadəni dayandırır.
"Yer saatı" aksiyasının Azərbaycan üzrə rəsmi tərəfdaşı olan IDEA kampaniyası və "Earth Hour Azerbaijan" cari ildə də Bakı şəhərində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə müxtəlif maarifləndirici tədbirlər keçirəcək.

Bu il 23 mart tarixində yerli vaxtla saat 20:30-da Bakı şəhərinin simvolu olan Qız qalasının qarşısında start götürəcək aksiya çərçivəsində Alov Qüllələri (Flame Towers), Şirvanşahlar Sarayı, Məhəmməd məscidi, o cümlədən şəhərimizin digər 10-a yaxın müasir və tarixi binalarının fasadının işıqlandırılması bir saat müddətində dayandırılacaq.

Xatırladaq ki, "Yer saatı" aksiyası dünyada ilk dəfə 2007-ci ildə Sidney şəhərində keçirilmiş və təxminən 2.2 milyon insanı əhatə etmişdir. Hazırda "Earth Hour" şəbəkəsi ilə əməkdaşlıq edən ölkələrin sayı 150-dən, iştirak edən şəhərlərin sayı isə 6900-dən çoxdur.

Ötən ildən "Yer saatı" aksiyasına qoşulan IDEA kampaniyası 2011-ci il iyul ayının 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.


Teqlər:  





Xəbər lenti