“Ermənistan ən alçaq cinayətlərə əl atır” - Özbək professor

 “Ermənistan ən alçaq cinayətlərə əl atır” -  Özbək professor
  29 Oktyabr 2020    Oxunub:2196
“Xocalıdakı soyqırımı görən və qınamayan dünya birliyi, bu gün Azərbaycanın digər şəhərlərində - Gəncə və Bərdədə törədilmiş faciələrin şahidi oldu”.
Azvision.az xəbər verir ki, bunu Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov bildirib.

O, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə məktub göndərərək Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc əhaliyə qarşı həyata keçirdiyi qətliamı sərt şəkildə qınayıb.

Məktubda deyilir: “Bu günlərdə qardaş ölkədə - Azərbaycanda baş verən hadisələri narahatlıqla və həyəcanla izləyirik. Biz hamımız haqlı olaraq öz torpaqlarının azadlığı uğrunda mübarizə aparan Azərbaycan xalqının yanındayıq və həyatını itirən insanlara görə başsağlığı veririk. Bizə yaxşı məlumdur ki, dünyanın bütün ölkələri arasında mülki əhalinin və mülki obyektlərin qorunmasına dair beynəlxalq anlaşma mövcuddur.

Biz heç inanmırdıq ki, Gəncə hadisələri, burada törədilmiş qətliam bir daha yenidən təkrarlansın. Ermənistan Azərbaycanın ikinci şəhəri Gəncədən sonra Bərdə şəhərinin də bombaladı. 28 oktyabrda Bərdə şəhərinin əhalinin sıx məskunlaşmış hissəsini qadağan olunmuş kaset bombalarından istifadə edərək atəşə tutulması nəticəsində 21 nəfər öldü, 70-dən çox insan yaralandı. Bu bizləri çox məyus etdi və hiddətləndirdi”.

Erkin Nuriddinov deyib ki, cəzasızlıq mühitindən ilhamlanan düşmənin bu addımı atacağı gözlənilən idi:

“Xocalıdakı soyqırımı görən və qınamayan dünya birliyi, bu gün Azərbaycanın digər şəhərlərində- Gəncə və Bərdədə törədilmiş faciələrin şahidi oldu. Yenə də həmişəki susqunluq, saxta atəşkəs, sülh çağırışları, ikili standartlar. Biz Bərdədə törədilmiş növbəti qətliamın videokadrlarını gördükdə sözün əsl mənasında şok keçirdik və bu hadisənin insanlıq əleyhinə ən böyük cinayət hesab etdik. Günahsız mülki insanları hədəf almaq, körpə uşaqları öldürmək ən böyük və bağışlanmaz cinayətdir. Bu dinc insanların vəhşicəsinə öldürülməsi təkcə Azərbaycan üçün deyil, bütün dünya birliyi üçün böyük bir faciə və rüsvayçılıqdır.

Azərbaycan torpaqlarını işğal edən, ən alçaq cinayətlərə əl atan Ermənistan ordusunun iflası qaçılmazdır. Onun əməlləri isə tarixə qara ləkədir. Azərbaycanın apardığı uğurlu daxili və xarici siyasəti, yaratdığı çoxmədəniyyətlilik və tolerantlıq nümunəsini hər birimiz görür və təqdir edirik. Azərbaycan ərazisində müxtəlif etnik qruplar, millətlər, fərqli dini konfessiyaların dostluq və sülh içərisində yaşadığını bütün dünya görür. Biz işğalın durdurulmasını, təcavüzkar ordunun Azərbaycan ərazilərindən çıxarılmasını, bu cür barbarlığa son qoyulmasını tələb edirik. Bir daha Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatların getdiyi zonadan kənarda yerləşən dinc əhaliyə qarşı hərbi cinayətlərini, xüsusilə Bərdə, Tərtər və Gəncə şəhərlərində qətliamları pisləyir və bütün dünya ictimaiyyətini Ermənistanın cinayətkar əməllərini, insanlığa qarşı yönəlmiş hərəkətlərini qətiyyətlə pisləməyə çağırıram”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Bərdə   Gəncə   Terror  





Xəbər lenti