"Hər zəfər sevinc göz yaşlarımıza səbəb olur" - Türkiyə səfiri

  28 Oktyabr 2020    Oxunub : 2253
 "Hər zəfər sevinc göz yaşlarımıza səbəb olur" -  Türkiyə səfiri
100 il öncə qurtuluş savaşında Anadoluya ən böyük yardım qardaş Azərbaycandan gəlib. O dövrdə ölkələrini tərk etmək məcburiyyətində qalan çox sayda azərbaycanlı aydınlar Türkiyəni vətənləri olaraq görüb cümhuriyyətimizə önəmli töhfələr vermişdilər.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə Cümhuriyətinin yaradılmasının 97-ci ildönümü münasibətilə müraciətində deyib.

Səfir bildirib ki, bu gün Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün böyük mücadilə aparmaqdadır.

"Dünyanın ən güclü ölkələrindən birinə çevrilən Türkiyə bu haqlı mücadiləsində can Azərbaycanın yanında yer almaqdadır. Hamımız Azərbaycanın torpaqlarını işğaldan azad etməsini, qardaşlarımızın illər öncə tərk etmək məcburiyyətində qaldıqları yurd-yuvalarına geri dönmələrini ürəkdən istəyirik. Əldə edilən hər zəfər sevinc göz yaşlarımıza səbəb olur.

Türkiyə və Azərbaycanın təhlükəsizliyi, rifahı uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı, yaşasın cümhuriyyət".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Səfir