“Böyük dəbilqə”də komandamız ilk medalını qazandı

“Böyük dəbilqə”də komandamız ilk medalını qazandı
  24 Oktyabr 2020    Oxunub:3875
Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirinin birinci günündə komandamız bürünc medal qazanıb.
Azvision.az xəbər verir ki, kişilər arasında 66 kiloqram çəkidə mübarizə Orxan Səfərov əvvəlcə niderlandlı İvo Verhorstert, daha sonra gürcüstanlı Baqrati Naniaşvili və monqolustanlı Erhembayar Battoqtoha qalib gəlsə də, yarımfinalda rusiyalı Yakob Şamilova uduzub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə özbəkistanlı Sardor Nurillayevi məğlub edərək komandamıza ilk medalı qazandırıb. O, həmçinin “Tokio-2020”yə reytinq xalları əldə edib.

Bu çəkidə digər təmsilçimiz Nicat Şıxəlizadə ilk görüşdə Villian Lima (Braziliya)-Yarin Menaged (İsrail) cütünün qalibinə uduzub.

Kişilər arasında digər çəkidə, 60 kiloqramda daha iki cüdoçumuz mübarizə aparıb. Bu çəkinin nümayəndələrindən Davud Məmmədsoy ilk görüşdə hindistanlı Vijay Kumar Yadava qalib gəlsə də, sonrakı qarşılaşmada qazaxıstanlı Qusman Kirqizbayevə məğlub olub. Kəramət Hüseynov isə ilk qarşılaşmada fransalı Luka Mxeidzeyə uduzub.

Qadınlar arasında keçirilən yarışlarda hər üç təmsilçimiz mübarizəyə qoşulub. Cüdoçularımızdan Leyla Əliyeva (48 kq) yerli idmançı Luka Mamiranı məğlub etsə də, ispaniyalı Lura Martinesin (Macarıstan) öhdəsindən gələ bilməyib. Bu çəkidə digər qadın cüdoçumuz Aişə Qurbanlı ilk qarşılaşmada Şirin Boukliyə (Fransa) məğlub olub.

Qadın cüdoçularımızdan Gültac Məmmədəliyeva (52 kq) əvvəlcə Qal-Od Tserentoqxoda (Monqolustan), ikinci döyüşdə israilli Qefen Primoyaya qalib gəlsə də, dörddəbir finalda Fabyen Koçerə məğlub olub. Təsəlliverici döyüşdə ukraynalı Darya Belodedə məğlub olan cüdoçumuz 7-ci yerlə kifayətlənib. G.Məmmədəliyeva bu nəticə ilə Tokio Olimpiadasına reytinq xalları qazanıb.

Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun mübarizə apardığı turnirə Azərbaycandan 17 idmançı qatılıb.

Turnir oktyabrın 25-dək davam edəcək.

Azvision.az


Teqlər: Cüdo   Yarış  





Xəbər lenti