Ermənilər döyüşməmək üçün özlərini koronavirusa “yoluxdurur”

  22 Oktyabr 2020    Oxunub : 3487
Ermənilər döyüşməmək üçün özlərini koronavirusa “yoluxdurur”
Son günlər Ermənistanda koronavirusa yoluxma sayında rekord artım qeydə alınmaqdadır. Belə ki, ötən sutkada yoluxma sayı 2306 nəfərə çatıb. Bir gün əvvəl bu rəqəm 1465 nəfər idi. Hazırda Ermənistanda 19 591 aktiv koronavirus xəstəsi var.
Erməni həkimlərin sözlərinə görə, son gün ərzində qeydə alınan rəqəmlər mart ayından bəri ən yüksək göstəricidir. Bununla belə, onlar xəstəliyin niyə bu dərəcədə sürətlə artmasının səbəbini izah edə bilmirlər. Lakin sosial şəbəkələrin erməni seqmentinin təhlili sayəsində artım səbəbini müəyyənləşdirmək mümkün olub.

Belə ki, yeni yoluxanların böyük əksəriyyəti 18-55 yaş arasındakı kişilərdir. Yəni səfərbərlik ehtiyatında olan şəxslərdir. Onlar Ermənistanın artıq uduzduğu döyüşdə - Qarabağda top mərmisinə tuş gəlmək istəmirlər. Buna görə də müsbət koronavirus testi əldə etmək məqsədilə tibb işçiləri ilə gizli danışıqlar aparırlar.

Bəzi məlumatlara əsasən, bu günlərdə Ermənistanda koronavirus üçün "müsbət" test nəticəsi almaq 1000-2000 dollara başa gəlir. Beləliklə, virusa "yoluxmuşlar" Qarabağa göndərilməkdən azı iki həftəlik möhlət alır və bu da iki həftə həyatda qalmaq deməkdir.

Bu, həmçinin o deməkdir ki, yaxın gələcəkdə Ermənistanda koronavirus "halları" daha da artacaq və kişilər arasında yoluxma sayı üstünlük təşkil edəcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: koronavirus