Azərbaycanlı fotoqrafların növbəti uğuru

Azərbaycanlı fotoqrafların növbəti uğuru
  29 Avqust 2020    Oxunub:18074
Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə iki ildən bir keçirilən “20-ci FIAP Təbiət Biennale” adlı beynəlxalq fotomüsabiqəsinə yekun vurulub.
Azvision.az xəbər verir ki, FIAP-ın himayədarlığı altında Rusiyanın Çelyabinsk regionunda keçirilən federasiyalararası fotomüsabiqənin nəticələri məlum olub. Müsabiqəyə dünyanın 33 ölkəsindən fotoqraflar qatılıb. Qaydalara görə, hər bir ölkə (federasiya) özünün təyin etdiyi mövzular üzrə iki kateqoriyada – rəqəmsal şəkildə 20, çap şəklində isə 10 foto təqdim edə bilərdi.

Fotoların qiymətləndirməsi prosesi fərdi və ümümi qrup şəklində olmaqla iki mərhələdə aparılıb. Qaydalara əsasən, ən çox bal toplayan federasiya FIAP-ın kuboku, iki, üç və dördürcü yerlərə isə müvafiq olaraq FIAP-ın qızıl, gümüş və bürünc medalları təqdim olunur. 5-10-cu yerlərin sahibləri isə FIAP-ın xüsusi lentlərini qazanırlar. Yarışın hər bir iştirakçısına müsabiqənin elektron və çap şəklində kataloqu göndəriləcək.

Ölkəmizin bu biennaledə 19 fotoqrafla təmsil olunduğunu bildirən “Gilavar” Azərbaycan Foto Klubunun həmsədri, FIAP təşkilatının Azərbaycan üzrə nümayəndəsi, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev deyib: “Ümumiyyətlə, bu, iki ildən bir keçirilən foto yarışıdır. Əksəriyyəti “Gilavar” Azərbaycan Foto Klubunun, eləcə də Azərbaycan Fotoqraflar Birliyinin üzvlərindən ibarət peşəkar fotoqraflar tərəfindən “dağlar” (rəqəmsal) və “quşlar” (çap) mövzuları üzrə 30 foto təqdim edilib. Çap və rəqəmsal fotoların fərdi qiymətləndirməsi zamanı həmyerlilərimiz müvafiq olaraq 146 və 89 bal toplayıblar. Ümumilikdə əldə olunan balların sayəsində fotoqraflarımız müsabiqədə hər iki mövzuda 28-ci yerə layiq görülüblər. Ötən il isə rəngli kateqoriyada keçirilən biennaledə Azərbaycan 43 ölkə arasında 14-cü yerdə qərarlaşmışdı”.

Avqustun 27-də Rusiyanın Çelyabinsk vilayətində Cənubi Ural Dövlət Tarix Muzeyində müsabiqənin yekunlarına dair sərginin açıldığını deyən fotoqraf bildirib ki, təntənəli açılış zamanı müsabiqədə iştirak etmiş ölkələrin bayraqları sırasında üçrəngli bayrağımızın da dalğalanması hər bir azərbaycanlı fotoqrafın uğurudur.

Bu fotomüsabiqədə Azərbaycanı Vüqar Əmrullayev, İlqar Cəfərov, Dilavər Nəcəfov, Rəşad Mehdiyev, Roman İsmayılov, Aydın Məmmədov, Tofiq Babayev, Fəxrəddin Abdullayev, Rüstəm Məhərrəmov, Cəlal Firidunov, Tapdıq Abdullayev, Elvin Abdulla, Elşən Əliyev, Könül Sülüymanlı, Rəşad Xıdırov, Samir Müştaqov, Elşən Ağalarov, Ruslan Məmmədov və Mahir Rüstəmov təmsil ediblər.

Qeyd edək ki, Beynəlxalq Foto Sənəti Federasiyası dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Hazırda Azərbaycanda bu qurumun beynəlxalq dərəcə statusuna malik fəxri adlarına layiq görülən 4 fotoqraf var.

Azvision.az


Teqlər: Fotoqraf  





Xəbər lenti