İraqdan gətirilən uşaqlar təhsilə cəlb olunub

 İraqdan gətirilən uşaqlar təhsilə cəlb olunub
  19 Avqust 2020    Oxunub:4563
İraqdan Azərbaycana repatriasiya edilmiş uşaqlar təhsilə cəlb olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, İraqdan 2018-2020-ci illərdə Azərbaycana repatriasiya edilən, ölkə vətəndaşı olan uşaqların pandemiya dövründə təhsilə cəlb edilməsi, uşaqlar və onların qəyyum ailələri ilə məsafədən psixoloji, hüquqi və sosial işin aparılması istiqamətində fəaliyyətini davam etdirir.

Bildirilib ki, cari ildə ölkəyə gətirilən uşaqların təhsilə cəlb olunması prosesi Dövlət Komitəsi, Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin birgə səyi nəticəsində həyata keçirilir.

“Bu il repatriasiya edilmiş 5-14 yaş arası uşaqlardan 125 nəfəri baza bilik səviyyəsinə uyğun olaraq, 5 səviyyə üzrə (məktəb hazırlığı, 1-ci, 2-ci, 3-cü və 4-cü sinif) tədrisə başlayıb. Hər bir qrupda 5-6 uşaq olmaqla, 24 qrupda qruplaşdırılan uşaqlar üçün həftədə 3 dəfə, hər biri 3 saatlıq onlayn dərs keçirilir. Dərs proqramına əsasən, Azərbaycan dili, riyaziyyat fənləri tədris olunur, ümumi dünyagörüşü ilə bağlı məlumatlar verilir. Tədris ilinin əvvəlində uşaqların bilik səviyyəsinin yenidən qiymətləndirilməsi və yaşlarına uyğun ümumi siniflərə yerləşdirilməsi nəzərdə tutulur. Uşaqların həmyaşıdları ilə bir sinifdə təhsil alması onların psixo-emosional inkişafı, sosiallaşma prosesinə mühüm təsir göstərdiyi üçün təhsil formasının seçilməsində bu amillərə də diqqət yetirilir”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Komitə   İraq   Uşaq  





Xəbər lenti