“Mədəniyyət sahəsində ciddi islahatlara start verilib” - Anar Kərimov

  “Mədəniyyət sahəsində ciddi islahatlara start verilib” -    Anar Kərimov
  19 Avqust 2020    Oxunub:21945
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun ölkəmizin bir qrup mədəniyyət və incəsənət xadimləri ilə videokonfrans formatında görüşü keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə çıxış edən Anar Kərimov əvvəlcə ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Qeyd etdi ki, ölkə rəhbərliyinin mədəniyyət sahəsinin inkişaf etdirilməsi, idarə olunması, mədəniyyətimizin təbliği ilə bağlı müvafiq tapşırıq və tövsiyələri olub. Mədəniyyət və incəsənət xadimləri ilə görüşün əsas məqsədi də Mədəniyyət Nazirliyinin gələcək fəaliyyəti, mövcud problemlərin həlli ilə bağlı bu sahədə çalışan insanların fikir və mülahizələrini öyrənməkdir.

Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən Anar Kərimov bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində çox ciddi islahatlara start verildiyini bildirdi.

Videokonfrans iştirakçıları ilə mədəniyyət sahəsində görüləcək işlər və gələcək planlarla bağlı səmimi fikir mübadiləsi aparıldı.

Görüş iştirakçıları ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə və incəsənət xadimlərinə göstərilən diqqət və qayğını yüksək dəyərləndirdilər. Mövcud problemlər və onların həll yolları, həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edildi. Mədəniyyət və incəsənət xadimləri mədəni irsin qorunması, təbliği və təşviqinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndirdilər.

Anar Kərimov gələcəkdə Mədəniyyət Nazirliyi tərəfindən reallaşdırılacaq layihələr və bu sahədə aparılan islahatlarda mədəniyyət və incəsənət xadimlərinin daha fəal iştirakının vacibliyini qeyd etdi. O, Mədəniyyət Nazirliyinin yaradıcı insanlarla, incəsənət xadimləri ilə ünsiyyətə, fikir mübadiləsinə daim önəm verəcəyini, hər zaman onların yanında olacağını bildirərək videokonfrans iştirakçılarına fəaliyyətlərində uğurlar arzuladı.

Vurğulandı ki, bundan sonra da görüləcək işlərlə bağlı mədəniyyət və incəsənət xadimlərinin fikir və təkliflərinin öyrənilməsi və birgə addımların atılması səmərəli olacaq.

İştirakçılar belə görüşlərin əhəmiyyətini vurğulayaraq, müzakirələr üçün seçilən formatın qarşıda duran məsələlərin səmərəli həlli üçün zəruri olduğunu qeyd etdilər və görüşün təşkil olunmasına görə təşəkkürlərini bildirdilər.

Azvision.az


Teqlər: Mədəniyyət-Nazirliyi   Anar-Kərimov  





Xəbər lenti