İtaliyada vəfat edən sənətçi Bakıda dəfn olunacaq

   İtaliyada vəfat edən sənətçi Bakıda dəfn olunacaq
  17 Avqust 2020    Oxunub:24738
Öz böyük istedadı, bənzərsiz səs tembri ilə dünya opera səhnələrini fəth etmiş azərbaycanlı vokalçı Eldar Əliyev 4 avqust 2020-ci il tarixində İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, E.Əliyevin qısa, lakin parlaq həyat və yaradıcılıq yolu iki ölkə - Azərbaycan və İtaliya arasında özünəməxsus bir körpü olub. Bakı şəhərində doğulub boya-başa çatan, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olduğu dövrdə ən istedadlı tələbələr arasından seçilərək İtaliyanın tanınmış Lirica Osimo Akademiyasında təhsilini davam etdirməyə dəvət almış vokalçı uzun illər Vətənindən uzaqda yaşasa da, bütün ömrü boyu azərbaycanlı olduğu ilə fəxr edib, öz yaradıcılığı, sənət uğurları ilə Azərbaycanın adını uca tutmağa çalışıb.

Eldar Əliyev yüksək ifaçılıq qabiliyyəti, orijinal aktyorluq məharəti və rəngarəng çıxışları ilə "La Scala" (Milan), “Staatsoper” (Berlin), “Opéra National de Paris” (Paris), “Teatro dell’Opera di Roma” (Roma), “Teatro La Fenice di Venezia” (Venesiya), “Teatro Real” (Madrid), “Covent Garden” (London), “Nationaltheater München” (Münhen) və s. dünyanın ən möhtəşəm teatrlarının səhnələrində Azərbaycan vokal ifaçılıq məktəbini layiqincə təmsil edib.

Dünya mədəniyyətinin beşiyi sayılan, bəşəriyyətə görkəmli sənətkarlar bəxş etmiş İtaliyanın vokalçıları sırasında öz sözünü demək, dünyanın ən məşhur sənət məbədlərindən hesab edilən "La Scala" teatrında Luçano Pavarotti, Plasido Dominqo, Mirella Freni ilə eyni səhnəni paylaşmaq hər ifaçıya müyəssər olmur. "La Scala"nın solistləri cərgəsinə qoşulmuş böyük Azərbaycan müğənnisi Eldar Əliyevə bu sənət xoşbəxtliyi nəsib olmuşdu. Şöhrətin zirvəsində olduğu zaman uşaqlıq dövrünün acılarının, keçirdiyi sarsıntıların nəticəsi olaraq, səhhətində yaranmış problemlərlə bağlı hədsiz sevdiyi opera səhnəsindən ayrılmasına baxmayaraq, o, İtaliya ictimaiyyəti, sənətsevərləri tərəfindən bugünədək unudulmayıb. Eldar Əliyevin vəfatı ilə əlaqədar "La Scala" teatrının nəşr etdiyi nekroloqda İtaliyada ən möhtəşəm illərini yaşamış, dünya opera ulduzları ilə bir səhnədə çıxış etmiş məşhur azərbaycanlı vokalçının xatirəsi dərin hüznlə anılır. Bu günlər İtaliyanın kütləvi informasiya vasitələrində öz sənəti ilə milyonların məhəbbətini qazanmış dünya şöhrətli vokalçı Eldar Əliyevə həsr edilmiş çoxsaylı məqalələr dərc olunub.

Böyük vokalçı təkrarolunmaz sənəti ilə nüfuzlu beynəlxalq müsabiqələrdə əldə etdiyi qələbələr sırasında 2000-ci ildə Bakı şəhərində keçirilmiş və Qran-pri mükafatçısı olduğu Bülbül adına Vokalçıların II Beynəlxalq Müsabiqəsinə xüsusi önəm verirdi. Ürəyi həmişə Azərbaycanla döyünən Eldar Əliyev bu nüfuzlu müsabiqədə qələbə qazandığına və Vətənin etimadını doğrultduğuna görə özünü xoşbəxt sayırdı.

Dünya opera sənətinin ulduzu maestro Franko Korellinin, məşhur dirijor, uzun illər “La Scala” teatrının bədii rəhbəri olmuş maestro Rikkardo Mutinin və bir çox İtaliya sənətçilərinin "dahi müğənni" adlandırdıqları Eldar Əliyev Azərbaycanı dünyaya tanıtmaqla bərabər, İtaliya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə də öz töhfəsini verib. “İtaliyada Azərbaycan ili” elan edilmiş 2020-ci ildə Eldar Əliyev sənət zirvəsinə ucaldığı, alqışlandığı və bu gün də xatırlandığı İtaliyada həyatla vidalaşaraq həsrətində olduğu Vətənə dönsə də onun ölməz sənəti İtaliyada yaşamaqda davam edəcəkdir.

Azərbaycan və İtaliyanın musiqi mədəniyyətini özündə birləşdirən Eldar Əliyevin dəfn mərasiminin Bakı şəhərində hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə təntənəli şəkildə keçirilməsi və böyük vokalçının xatirəsinin yaşadılması Azərbaycan Hökuməti tərəfindən təşkil ediləcəkdir.

Azvision.az


Teqlər: Vokal   İtaliya   Vəfat   Eldar-Əliyev  





Xəbər lenti