“Lazımdırsa məni güllələyin, öldürün”- Gülər Əhmədova

“Lazımdırsa məni güllələyin, öldürün”- Gülər Əhmədova
  23 Yanvar 2014    Oxunub:1251
“Mənə nə hökm çıxarırlar, çıxartsınlar. Amma mən tarixdə dələduz kimi qalmayacam, çünki tarix mənə bəraət verəcək”

Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmə iclası keçirilib. Eks-deputaın vəkili Əfsər Talıbov yeni vəsatətlər qaldırıb.

AzVision.az əməkdaşının verdiyi məlumata görə, vəkil bildirib ki, 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə irəli sürülən hökm ləğv edilməlidir. O qeyd edib ki, həmin maddə üzrə cinayət tərkibi olmadığı üçün hökm ləğv olunsun və işə xitam verilsin.

Sonra çıxış edən Gülər Əhmədova deyib ki, heç kimdən pul almadığı hər kəsə məlumdur: “Sevinc Babayevanın oğlu Ayxan Məmmədov məndən 20 min pul almışdı, o pulu qaytarmamaq üçün ajiotaj yaratdı ki, guya onun anasını öldürüblər. Məni elə təqdim etdilər ki, elə bil onun zəhərlənməsinə mənim əlim olub. Məni qatil kimi təqdim etdilər”.

Gülər Əhmədova dövlət üçün güllənməyə belə hazır olduğunu bildirib: “Lazımdırsa, dövlət üçün məni güllələyin, öldürün. Amma qanunla güllələyin. Amma, məhkəmə kopya sənədlərini sübut kimi qəbul edib”.

Elşad Abdullayevin yaydığı videolarından danışan sabiq deputat deyib ki, həmin video saxtadır: “Bu video montaj olunub, bir formatdan digərinə köçürülüb”.

Daha sonra eks-deputat özünün dələduz olmadığını söyləyib: “Mənə nə hökm çıxarırlar, çıxartsınlar. Amma mən tarixdə dələduz kimi qalmayacam, çünki tarix mənə bəraət verəcək”.

Vəkil Əfsər Talıbov daha sonra yeni bir vəsatətlə çıxış edib. O, bildirib iki, 307-ci maddə ilə (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) bağlı cinayət tərkibi olmadığından, hökm ləğv edilsin və işə xitam verilsin.

Vəkili həmçinin qeyd edib ki, Elşad Abdullayevin təqdim etdiyi videolar sübutlar siyahısından çıxarılsın. Vəkil daha bir vəsatət qaldırdı ki, Sevinc Babayeva, Gülər Əhmədova və Tavat Şirinovanın yazdığı mesajlar sübutlar siyahısına daxil edilsin. Gülər Əhmədova ilə Elşad Abdullayevin telefon danışığının da sübutlar siyahısından çıxarılmasını istəyən vəkil bildirib ki, bu danışıqlar siyahıdan çıxarılsın.

O, tələb edib ki, Elşad Abdullayev Azərbaycana gətirilsin. Daha sonra çıxış edən G.Əhmədova deyib ki, Fransa kimi demokratik ölkə kimisə siyasi mühacir kimi qəbul etmədən öncə gərək onun keçmişini araşdırsın:

“Elşad Abdullayev haqqında 5 cinayət işi var və o axtarışdadır. Elşad ömür boyu YAP-ın üzvü olub, o necə siyasi mühacir oldu? Azərbaycanı idarə edənləri bir-iki dəfə söyüb, sonra isə siyasi mühacir oldu. Əslində isə o heç vaxt siyasi fəaliyyətlə məşğul olmayıb.

Qeyd edək ki, vəsatətin həddindən çox olması səbəbindən proses yanvarın 24-ü, saat 15:30-da davam etdiriləcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti