“Desələr ki, Ağdamı almışıq, geri qayıdırıq...” - Aygün Bayramova

 “Desələr ki, Ağdamı almışıq, geri qayıdırıq...” -  Aygün Bayramova
  13 Avqust 2020    Oxunub:27882
Bu gün Xalq artisti Aygün Bayramovanın doğum günündür.

53 yaşını qeyd edən xanəndə ad günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
- Aygün xanım, "yaş kişinin var-dövlətidir" deyirlər. Bəs qadın üçün yaş nə deməkdir? Ənənəvi olsa da, bu suala sizin də cavabınızı öyrənmək istərdim.

- Yaş mənim üçün o qədər də önəm daşımır. Əsas insanın varlığı, səmimiyyəti, həyatda düzgün addımlamasıdır. Hər zaman sənətimə və dostlarıma sadiq adamam. Bu baxımdan ad günüm mənim üçün adi günlərdən biridir. Özümə təmtaraqlı məclis qurmağı heç vaxt sevməmişəm. Mən belə adamam.

- Hərdən "Qurban verərdim" mahnısının sözlərindəki kimi düşünürsünüzmü:
Keçən günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim.


- Bəzən deyirəm, kaş ki, Qarabağlı, Ağdamlı günlərim olardı. Amma cavanlığıma qayıdım, daha gənc yaşda olum deyə bir arzum olmayıb.

- Bu gün yuxudan durdunuz, aynanın qarşısında dayandınız və özünüzə nə dediniz?

- İnanın, o qədər zəng olub ki, heç imkan tapıb aynaya baxa bilməmişəm. İlk təbriki çox sevdiyim, hörmət etdiyim Firuzə İbadovadan almışam. Belə diqqət içərisində özümü xoşbəxt hiss edirəm. Yaşamağa həvəs artır.

- Yəqin ki, dar çərçivədə də olsa qonaqlarınız olacaq. Qollarınızı çirmələyib onlar üçün süfrə açacaqsınızmı?

- Kim istəsə gələ bilər, qapımız açıqdır. İndi restoranlar işləmir, ona görə də gələn qonağa özümüz qulluq edəcəyik.

- Özəl gününüzdə ürəyinizin sarı simini nə tərpədər?

- Mənə bu saat desələr ki, Ağdamı almışıq, geri qayıdırıq, özümü xoşbəxtlərin xoşbəxti hiss edərəm. Mənim üçün sarı sim Ağdamdır. Arif Babayevlə orada qonşu olmuşuq, qayıdardım, onun ifasını yenə Ağdamda dinləyərdim.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: AygünBayramova   xanəndə   doğumgünü  





Xəbər lenti