“Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biridir”

  18 Mart 2013    Oxunub : 601
“Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biridir”
"Yoxsulluğun azaldılması da terrorçuluqla mübarizədə vacib amillərdən biridir"
Bu sözlərlə Prezident İlham Əliyev Bakıda keçirilən “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq konfransda çıxış edib.

Ölkəmizin dəfələrlə ermənilərin terror aktlarına məruz qaldığını, həmin hadisələr zamanı iki minə yaxın vətəndaşımızın qətlə yetirildiyini, minlərlə insanın xəsarət aldığını deyən Prezident İlham Əliyev erməni terrorizminin hər zaman təcavüzkar separatçılıqla müşayiət olunduğunu və bunun Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi ilə nəticələndiyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri barədə danışan dövlətimizin başçısı bu münaqişənin beynəlxalq və regional təhlükəsizliyə böyük təhdid olduğunu vurğulayıb, beynəlxalq qurumlar və təşkilatların bununla bağlı qəbul etdiyi qərarların kağız üzərində qaldığını bildirib. Azərbaycanın münaqişənin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirdiyini qeyd edən Prezident İlham Əliyev Ermənistanın bu məsələdə "status-kvo"nu qoruyub saxlamağa çalışdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev konfrans iştirakçılarına XX əsrin ən faciəli hadisələrindən olan Xocalı soyqırımı haqqında danışıb, bu gün 4 ölkənin parlamentinin bu faciəni soyqırımı kimi tanıdığını, bu istiqamətdə digər ölkələrdə də iş aparıldığını söyləyib. Azərbaycan dövlətinin başçısı ölkəmizin terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini birləşdirmək zərurətindən də danışdı.

Prezident İlham Əliyev Azərbaycanın terrorizmə qarşı mübarizənin daim diqqət mərkəzində saxlanılması üçün əlindən gələni etdiyini və 50-dən artıq ölkənin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin və ekspertlərin iştirak etdiyi bugünkü konfransın Bakıda keçirilməsinin də Azərbaycanın bu mövzuya verdiyi əhəmiyyətin daha bir təsdiqi olduğunu bildirib, ötən ilin may ayında ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyini zaman respublikamızın bu məsələni diqqətdə saxladığını vurğulayıb.

Terrorizmin ölkələrin tərəqqisinə ən böyük maneə olduğunu söyləyən dövlətimizin başçısı ilk növbədə onun yaranma səbəbləri və inkişafının qarşısının alınması vacibliyinə toxundu. Bəzi hallarda terrorizmi islamla bağlamaq cəhdlərinin, islamofobiya meyillərinin narahatlıq doğurduğunu deyən Prezident İlham Əliyev bunun dünyada milyonlarla insanın hisslərinə toxunduğunu və bu meyillərin qəbuledilməz olduğunu qeyd etdi.

Ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dinc və dostluq şəraitində yaşadığını diqqətə çatdıran dövlətimizin başçısı Azərbaycanda mövcud olan multikulturalizmin alternativi olmadığını dedi.

Terrorizmə qarşı mübarizədə təhsilin roluna toxunan Prezident İlham Əliyev ölkəmizdə təhsil məsələlərinə böyük diqqət yetirildiyini, savadlılığın səviyyəsinin 100 faiz təşkil etdiyini, informasiya-kommunikasiya texnologiyalarına böyük sərmayələrin yatırıldığını, ölkəmizdə kosmos sənayesinin inkişaf etdiyini bildirdi.
"Yoxsulluğun azaldılması da terrorçuluqla mübarizədə vacib amillərdən biridir", - deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu sahədə də böyük uğurlara nail olmuşdur. On il ərzində yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə enmişdir, növbəti illərdə yoxsulluğun sosial amil kimi tamamilə öz həllini tapacağı gözlənilir. Bu məsələlərin həlli hər bir ölkə üçün vacibdir, çünki bu amillərdən terrorizmə qarşı mübarizədə əsas vasitələr kimi istifadə oluna bilər.

Prezident İlham Əliyev bir daha konfransın işinə uğurlar arzulayıb.


Teqlər: