SOCAR “Petrofac” dəstək xidmətləri üzrə saziş imzalayıb

  07 Avqust 2020    Oxunub : 2456
SOCAR “Petrofac” dəstək xidmətləri üzrə saziş imzalayıb
SOCAR-ın törəmə şirkəti olan “SOCAR Midstream Operations Limited” və “Petrofac” şirkətinin mühəndislik və hasilat xidmətləri bölməsi Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunun ötürülməsinə dəstək xidmətləri üzrə saziş imzalayıblar.
SOCAR-dan Azvision.az -a bildirilib ki, şirkət Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunu BP-dən təhvil aldığına görə yeni saziş əməliyyat aktivlərinin təhvilinə dəstək xidmətlərini nəzərdə tutur. Bu çərçivədə görüləcək işlərə keçid prosesləri zamanı qaz boru kəmərlərinə və digər obyektlərə texniki baxışın keçirilməsi, keçid dövründə, icra mərhələsində və əməliyyat hazırlıq planının işlənib hazırlanmasında geniş rutin dəstək verilməsi aiddir.

Cənubi Qafqaz Boru Kəməri “Sahdəniz” yatağında hasil olunan təbii qazın Azərbaycandan Gürcüstana və Türkiyəyə ixrac edilməsi məqsədilə inşa olunub. Bakı yaxınlığında Səngəçal terminalından başlayan kəmər Azərbaycandan Gürcüstan və Türkiyəyə xam neft daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin marşrutu ilə davam edərək, Türkiyədə qaz paylayıcı sistemə qoşulur.

Cənubi Qafqaz Boru Kəməri şirkəti kəmərin tikintisi və aparılan əməliyyatlar üçün məsuliyyət daşıyır. Şirkətin səhmdarları BP (28,8 faiz), “TPAO” (19 faiz), Azərbaycan/SOCAR (16,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz) və “NICO” (10 faiz) şirkətləridir.

Azvision.az

Teqlər: SOCAR