Yeni tədris ili 1 sentyabrda başlaya bilər

 Yeni tədris ili 1 sentyabrda başlaya bilər
  23 İyul 2020    Oxunub:22257
Son günlərin ən məşhur sualı sentyabrda yeni tədris ilinin başlayacağı ilə bağııdır. Əslində bu sual yanlışdır. Çünki qüvvədə olan qərara görə, 15 sentyabrda yeni tədris ili başlayır. Baş Nazirin son qərarı ilə 30 mayda 2019-2020-ci tədris ili başa çatmışdı.
Azvision.az xəbər verir ki, bunu Təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, 2020-2021-ci tədris ilinin dərslərin başlanması, hansı formada təşkili ilə bağlı xüsusi qərar yoxdur.

"Deməli, qüvvədə olan qanunvericiliyə görə, 2020-ci ilin 15 senytabrında ənənvi formada tədris ili başlayacaq. Bunun əksini ifadə edəcək qanun – qərar hələ ki, yoxdur, verilməyib. Mövcud pandemiyanın tədris ilinin başlamasına və tədrisin həyata keçirilmə formasına təsiri danılmaz və qaçılmazdır. Yeni tədris ili 1 sentyabrda başlaya bilər. Senytabr ayı yalnız əvvəlki ildə keçirilməli olan mövzulara həsr oluna bilər. Nəzərə alsaq ki, dərsliklər şagirdlərdə qalıb, bu mümkündür".



K.Əsədov pandemiya dövründə tədrisin təşkil olunmasının bir neçə formasını göstərib: "Tədris ənənəvi qaydada ola bilər. Yəni, hamı əvvəlki illərdə olduğu kimi dərsə başlayır. Və ya onlayn qaydada keçirilə bilər. 4447 orta ümumtəhsil məktəbində təhsil alan 1.6 milyon şagird dövlət tərəfindən planşet və internetlə təmin olunur, hər kəs üçün onlayn dərslər əlçatan olur.

Həm ənənəvi, həm də onlayn formada ola bilər. Dərslər həftə ərzində hər gün olmamalıdır. Şagird sıxlığını minimuma endirmək lazımdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman dərslər şagirdlər məktəbə gələn günlərdə keçirilməli, tapşırıqların yoxlanılması və bu kimi fəaliyyətlər onlayn həyata keçirilməlidir.

Dərslərin müddəti də azaldılmalıdır. Belə ki, I-IV siniflər 25 dəqiqə, V-IX siniflər 30 dəqiqə, X-XI siniflər 35 dəqiqə dərs keçməlidirlər.

Siniflərdə şagirdlərin sayı I-IX siniflərdə 20 nəfər, X-XI siniflərdə 15 nəfərdən çox olmamaqla təşkil edilməlidir. Dəslərin başlama saatları 3 növbəli, tamamilə fərqli olmalıdır. Belə ki, I-IV siniflər üçün dərslər saat 8-00-dan 11-00-a qədər, V-IX siniflər üçün 12-00-dan 15-00-a qədər, X-XI siniflər üçün 16-00-dan 19-00-a qədər ola bilər. Əlbəttə ki, şagird sayı az olan məktəblərdə bu dəyişə bilər. Növbələr arası məktəb tam şəkildə dezinfeksiya olunmalı, lazımi qabaqlayıcı tədbirlər görülməlidir".

Azvision.az


Teqlər: Tədris  





Xəbər lenti