Müəllim olmaq istəyənlərin nəzərinə! - Suallara aydınlıq gətirildi

Müəllim olmaq istəyənlərin nəzərinə! -  Suallara aydınlıq gətirildi
  22 İyul 2020    Oxunub:5188
Müəllimlərin İşə Qəbulu müsabiqəsi ölkədə işəqəbul üzrə ən kütləvi kampaniya olması səbəbilə həm müəllim olmaq istəyənlərin, həm də geniş ictimaiyyətin diqqət mərkəzindədir. İkinci tərəfdən isə elə kampaniyanın kütləviliyi xeyli sayda arzuedənlərin sırasından daha savadlı və hazırlıqlı şəxslərin seçilməsi üçün əlavə mexanizmlər tələb edir.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, dünyada olduğu kimi, Azərbaycanda da müəllim seçimində ali məqsəd şagirdlərin daha keyfiyyətli təhsil almaq hüququnu təmin etməkdir.

"MİQ imtahanının məzmununda dəyişikliklərin sertifikasiya imtahanına inteqrasiya ilə bağlı olduğu barədə əvvəllər də məlumat verilib. Digər tərəfdən, qəbul edilməlidir ki, imtahanların məzmununda və formatında mütəmadi dəyişikliklər həm də təhsildə gedən islahatlarla ayaqlaşmaq üçündür. Bu elmlər sinif otağında, real şagirdlərlə iş zamanı üzə çıxan problemləri öyrənir, tədqiq edir, ümumiləşdirir və praktik tövsiyələr verir, həm də daim yenilənir. Əgər müəllimlər pedaqogika və metodika elmlərinin əsaslarını düşünərək öyrənsə və tətbiq etsə, bu gün məktəblərdə olan problemlərin böyük hissəsi rahatlıqla aradan qalxar. MİQ və sertifikasiya imtahanlarında metodika üzrə sualların sayının artırılması bu məqsədi güdür".



Sualların hazırlanması məsələsinə gəldikdə isə C.Valehov bildirib ki, suallar kollektiv əməyin məhsuludur.

"Onların hazırlanmasında metodist alimlər, praktik müəllimlər iştirak edir. Bazaya daxil edilmiş suallar dəfələrlə müxtəlif ekspertlər tərəfindən təhlil edilir, üzərində düzəlişlər aparılır, analoq suallar hazırlanır. Hər il banka yeni suallar daxil edilir və belə sualların sayı minlərlədir. İmtahan sessiyasına düşəcək sualları isə verilmiş komandaya uyğun olaraq kompüter seçir və burada insan amili əsla yoxdur.

Qeyd edək ki, bu sualların hansı səriştələri ölçəcəyi barədə məlumat - “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” - cari ilin 28 fevral tarixində Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib: https://edu.gov.az/az/page/9/18042 Bu sənədlə tanış olmaq namizədlər üçün faydalıdır: sənəddə məzmun sahələri (hüquqi savadlılıq, fənn kurikulumunun tətbiqi, pedaqoji və psixoloji nəzəriyyələr), məzmunun tərkib hissələri (faktlar, anlayışlar, prinsiplər: qaydalar, xassələr, qanunlar; prosedurlar: çevirmələr, alqoritmlər, hesablamalar) göstərilmiş, sualların belə demək olarsa, çətinlik səviyyəsi nizamlanmışdır. Cədvələ diqqət etsəniz, görəcəksiniz ki, burada 20 sualdan 4-ü “Xatırlamaq və anlamaq”, 12-i “Tətbiq etmək və təhlil etmək”, 4-i “Dəyərləndirmək və yaratmaq” kateqoriyasına aiddir.

O ki, qaldı sosial mediada son vaxtlar çox istifadə olunan MİQ müsabiqəsinə hazırlıq kurslarının rəhbərləri və müəllimlərinin “Sualı mən yazmışam” iddiası Təhsil Nazirliyi tərəfindən şərh ediləcək məsələ deyil".

Nazirlik sözçüsü qeyd edib ki, həmin şəxslərin bu çərçivəyə əsasən suallar hazırlaması, o sualların mütləq Təhsil Nazirliyinin sual bazasında olacağı anlamına gəlmir.

"Onlara inanıb-inanmamaq isə insanlardan məsələyə tənqidi yanaşma tələb edir.
Ədəbiyyat siyahısı sualına aydınlıq gətirək:

- “Hüquqi savadlılıq” hissəsi ilə bağlı bütün məsələlər təhsil qanunvericiliyi sənədlərində əks olunmuşdur ki, bu sənədlər də ictimaiyyət üçün açıqdır. Onların xüsusi külliyyatını yaratmağa hazırda ehtiyac yoxdur;

- “Fənn kurikulumunun tətbiqi” bölümü müəllim hazırlığı ilə məşğul olan ali və orta ixtisas məktəblərində 2010-cu ildən etibarən tədris edilir, bu barədə xeyli sayda məqalə və monoqrafiyalar vardır, müxtəlif nəşriyyatlar tərəfindən vəsaitlər hazırlanıb. Ali məktəb məzunu yaxşı bilir ki, eyni mövzu ətrafında nə qədər çox və müxtəlif elmi-metodik ədəbiyyat oxuyarsa, məzmunu bir o qədər yaxşı və dərindən anlayar.

- “Pedaqoji və psixoloji nəzəriyyələr” ali məktəblərdə geniş tədris olunur, ən müasir nəzəriyyələri əks etdirən məqalə və hətta videomühazirə və öyrədici animasiya filmləri vardır. Onlarla ARTİ TİPİM-in rəsmi internet səhifəsində tanış olmaq mümkündür:
- https://azvision.az/redirect.php?url=http://www.tipii.edu.az/az/articles
- https://azvision.az/redirect.php?url=http://www.tipii.edu.az/az/videos".

C.Valev MİQ imtahanına hazırlaşan şəxslərə tövsiyələrini də açıqlayıb.

"İlk növbədə “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” ilə tanış olun. Təhsil qanunvericiliyi sənədlərini dərindən təhlil edin, öz fənninizin kurikulumunu öyrənin, özünüz üçün dərs icmalı hazırlayıb təhlil edin, məşhur pedaqoq və metodistlərin kitablarını qeydlər aparmaqla oxuyun. "Virtual məktəb”də təklif edilən mühazirə və seminarlara qoşulun. Sonda müəllim olmaq istəyən bütün həmkarlara uğurlar arzulayırıq!".

Azvision.az


Teqlər: MİQ   İmtahan  





Xəbər lenti