ABŞ səfirliyi jurnalistika üzrə magistr proqramı elan edib

ABŞ səfirliyi jurnalistika üzrə magistr proqramı elan edib
  11 İyul 2020    Oxunub:4176
ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GIPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu elan edib.
Səfirlikdən Azvision.az -a bildirilib ki, dərslər ABŞ, Avropa İttifaqı, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Bu proqramda iştirak üçün Azərbaycandan beş nəfər tələbə seçiləcək. Dörd semestrdən ibarət proqram 2020-2022-ci illərdə həyata keçiriləcək. Proqramın üç semestri – (sentyabr 2020-dekabr 2021) Tbilisi şəhərində GIPA-da keçiriləcək. Dördüncü semestrdə isə (2022 ilin yanvar-iyun aylarında) tələbələr Bakıda diplom işinə hazırlaşacaqlar. 2022-ci ilin iyul ayında tələbələr diplom işlərini müdafiə etmək üçün yenidən GIPA-ya qayıdacaqlar. GIPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr “Brosse Street Journal” adlı nəşrin həm çap, həm də internet versiyasını buraxacaq və GIPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

Həm çap, həm də teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə diqqət ayrılacaq.

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur. ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman təhsil haqlarını və yaşayışlarını maliyyələşdirəcək.

Qəbul üçün prosedur: ingilis dili imtahanı, inşa (ingilis dilində) və bu ilin sentyabrında Azərbaycan-ABŞ qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibədə iştirak.

Sənədlər iyulun 27-dək qəbul olunur.

Əlavə məlumat və sənədlərin təhvili üçün [email protected]

[email protected] ünvanları ilə əlaqə saxlamaq olar.

Azvision.az


Teqlər: ABŞ   Səfirlik  





Xəbər lenti