“Bilmirsən kimə inanasan, hərə bir söz deyir” - Cavan Zeynallı

 “Bilmirsən kimə inanasan, hərə bir söz deyir” -  Cavan Zeynallı
  09 İyul 2020    Oxunub:16563
"Adam nə qədər özü üçün çalıb-oxuyar? Heç nə konsertin yerini vermir".
Bunu Azvision.az -a Xalq artisti Cavan Zeynallı deyib. Tanınmış cazmen bildirib ki, karantin günlərinə ilk vaxtlar çətinliklə uyğunlaşa bilib.

"Nə qədər qastrol səfərləri etmişik, xarici ölkələrdə olmuşuq, ancaq belə bir virus haqqında eşitməmişik və karantinin nə olduğunu bilməmişik. Buna görə indi bizə hər şey çətin gəlir. Yay aylarında Mərdəkana dənizə, rayona, xarici ölkəyə getməyə vərdiş etmişik. Birdən- birə bütün yollarımız bağlanıb. Deyirik, bu nə iş idi başımıza gəldi.

Musiqiçi bütün günü ifa edir, oxuyur. Onun qulağı hər gün səs eşidir. Bu səbəbdən musiqiçi dincəlməyə sakit yer axtarır. Mənim həyat yoldaşım Qusardandır. Orada bizim qəşəng evimiz var. Hazırlaşırdıq ki, yayı orada keçirək, karantin oldu, gedə bimədik.

Doğrudur, karantin bütün həyatımız boyu olmayacaq, gərək dözəsən. Biz yaşlı adamıq, eyvanda otura, orada çay içə bilirik. Hərdən çıxıb parkda gəzirik. Amma cavanlara lap çətin gəlir".

Daha sonra Xalq artisti boş vaxtlarında evdəki məşğuliyyətindən söz açıb: "Evdə idman alətlərinin olması vacibdir. Bədəni formada saxlamaq lazımdır. Həvəsim olanda pianinoda ifa edirəm. Amma ev şəraiti efirin, konsertin yerini vermir. Adam özü üçün nə qədər çalıb-oxuyar? Darıxırsan. Musiqi belədir ki, gərək fasilə verməyəsən. Fasilə olanda nəyisə yadırğayırsan. Bir dəfə onlayn ifaya razılıq verdim. Amma xoşuma gəlmədi".

C.Zeynallı özünü mümkün qədər koronavirusdan qoruduğunu vurğulayıb: "Biri deyir ki, virus sentyabrda bitəcək, digəri yanvarda xəstəliyin başa çatacağını söyləyir. Adam bilmir kimə, nəyə inansın. Hərə bir söz deyir. Bacardığım qorunmaqdır. Adamlarla öpüşmürəm, maska taxıram, azı 2 metr məsafə saxlayıram. Belə mənzərə adama kənardan gülməli, qəribə gəlir. Çünki görüşməyə, yaxından təmasda olmağa öyrəşmişik. Ümid edirəm ki, pandemiya bəzi pullanıb quduran adamlara, efirlərdə söyüşənlərə dərs olar".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: CavanZeynallı   müğənni  





Xəbər lenti