Yüzlərlə xəstəni xilas edən həkim ağır vəziyyətdədir

Yüzlərlə xəstəni xilas edən həkim ağır vəziyyətdədir
  09 İyul 2020    Oxunub:17877
"COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycanda hökumətin ciddi nəzarəti altında hərtərəfli tədbirlər davam etdirilir. ATU-nun 2 klinikası ilk gündən bu mübarizəyə qoşulub. Bu müddət ərzində ATU-nun Tədris Cərrahiyyə klinikasının tibb personalı arasında da COVID-19-a yoluxanlar olub".
Bu barədə Azvision.az -a ATU-nun Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, indiyədək klinikanın heyəti arasında 33 nəfər virusa yoluxub. Onlardan biri Klinikanın reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdir.

"Cavid Paşayev aprelin 1-dən etibarən ATU Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində ən ağır koronaviruslu xəstələrin qulluğunda dayanıb, bu müddət ərzində yüzlərlə xəstənin həyatını xilas edib. C.Paşayev həm də daim maarifləndirmə işini aparıb, sosial şəbəkələrdəki hesabından insanlara qorunmağın vacib olduğunu yazıb. İşdən sonra digər xəstəxanalara köməyə gedən həkim C.Paşayev yoluxma sayının artdığı son dönəmdə daha gərgin işləyib və nəticədə özü də virusdan qoruna bilməyib. Və indi Cavid Paşayev koronavirusla gərgin mübarizə aparır. Təəssüf ki, son günlər onun səhhəti ağırlaşıb".

ATU-nun Tədris Cərrahiyyə Klinikasından bildiriblər ki, C.Paşayevin KT müayinələrinin
nəticəsində mənfi dinamika qeyd olunduğundan o, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

"Daha sonra Universitet rektorunun iştiraki ilə klinika rəhbərliyi arasında konsilium keçirilib. Konsiliumda vəziyyətə uyğun olaraq, ATU rektoru Gəray Gəraybəyli ilə Gömrük Tibb Xidməti İdarəsinin rəhbərliyi arasında aparılan danışıqlar əsasında, Cavid Paşayev müalicənin daha effektli və daha sürətli aparılması üçün müasir avadanlıq olan EKMO cihazının mövcudluğu nəzərə alınaraq Gömrük Xəstəxanasına yerləşdirilib. C.Paşayevin vəziyyəti hazırda stabil ağır olaraq qalır. Onun durumu, müalicə prosesi bilavasitə universitet rektoru və klinika rəhbərliyinin nəzarəti altlındadır", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: ATU   Həkim  





Xəbər lenti