“Yüksəliş” pandemiya şəraitində işini necə davam etdirir?

“Yüksəliş” pandemiya şəraitində işini necə davam etdirir?
  08 İyul 2020    Oxunub:3397
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Azvision.az xəbər verir ki, müsabiqənin Təşkilat Komitəsinin yaradılması və İşçi qrupunun müəyyən edilməsi prosesi bitdikdən sonra 2019-cu il dekabrın 27-də müsabiqənin qeydiyyat mərhələsinə başlanılıb və bu proses 2 fevral 2020-ci ildə yekunlaşıb.

Qeydiyyat mərhələsi çərçivəsində əhalini müsabiqə barədə məlumatlandırmaq, bölgələrdəki şəxslərin qeydiyyatdan keçmələrinə dəstək olmaq məqsədilə 21-31 yanvar tarixlərində “Yüksəliş”in səyyar qeydiyyat avtobusları bölgələrə səfər edib. Ümumilikdə 11760 nəfər qeydiyyat üçün müraciət edib və onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.

Qeydiyyat mərhələsi bitdikdən sonra müsabiqənin ilk mərhələsi olan onlayn seçim başlayıb.

Müsabiqənin onlayn mərhələsində ümumi biliklər və qabiliyyət imtahanı olmaq üzrə 2 fərqli imtahan təşkil edilib. Fevralın 16-da keçirilən ümumi biliklər üzrə imtahanda 7701 nəfər iştirak edib.

Onlayn mərhələnin qabiliyyət imtahanı isə martın 1-də keçirilib. İmtahanda 7059 namizəd iştirak edib. Bu imtahanda iştirakçılar abstrakt və məntiqi düşüncənin, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə olmaqla 3 bölmədə sualları cavablandırıb. Beləliklə, 976 nəfər əyani mərhələyə keçib.

Hazırda əyani mərhələnin videomüsahibə turu yekunlaşıb. Əyani mərhələyə buraxılan 976 iştirakçıdan 940-ı bu turu uğurla başa vurub.

Qeyd edək ki, iştirakçılar videomüsahibədə 3 suala (Bu müsabiqədə iştirak etməkdə məqsədiniz nədir? Əsas peşəkar nailiyyətiniz? Sizi digərlərindən önə çıxaran və yaxşı lider ola biləcəyinizə təminat verən xüsusiyyətləriniz hansılardır?) video şəklində cavab veriblər.

Mövcud pandemiya şəraiti “Yüksəliş” müsabiqəsinin gedişatına da təsir edib. Belə ki, Təşkilat Komitəsi tərəfindən müəyyən olunmuş qaydalara əsasən, əyani mərhələnin növbəti turu olan əsas imtahana 940 namizəd eyni vaxtda, eyni məkanda qatılmalı idi. Təbii ki, müsabiqənin İşçi qrupu karantin rejiminin tələblərinə uyğun addım ataraq, imtahanı təxirə saldı. Əyani mərhələnin əsas məqsədlərindən biri həm də iştirakçılarla yaxından tanış olmaqdır. Ona görə də İşçi qrupu bu mərhələni onlayn platformada təşkil etməyi hələlik nəzərdə tutmur. Növbəti imtahan və mərhələlərin həyata keçirilməsi ölkədəki cari vəziyyətə uyğun tənzimlənəcək və hazırda bu istiqamətdə müzakirələr aparılır. Müsabiqənin növbəti mərhələləri ilə bağlı yeni atılacaq addımlar müəyyən olunduğu halda, hər bir iştirakçıya məlumat veriləcək. Əyani mərhələ yekunlaşdıqdan sonra müsabiqənin yarımfinal və final mərhələləri keçiriləcək.

Çətinliklərə baxmayaraq, müsabiqənin İşçi Qrupu davamlı olaraq işləyir, fərdi inkişaf istiqamətində onlara kömək edəcək tədbirlər həyata keçirir. Belə ki, bu müddətdə müsabiqənin İşçi qrupu tərəfindən iştirakçılar üçün ölkənin tanınmış ictimaiyyət adamları, idarəçi mütəxəssislərin iştirakı ilə mütəmadi vebinarlar təşkil olunur. Bununla yanaşı, müsabiqənin 1820 “Çağrı mərkəzi”, elektron poçt, sosial şəbəkələrdə rəsmi səhifələri (Facebook; yukselishmusabiqesi, Instagram; yukselishmusabiqesi, Twitter; yukselish_az) və iştirakçıların şəxsi elektron kabinetləri üzərindən onların müraciətləri daim diqqətdə saxlanılır və operativ cavablandırılır.

Əlbəttə ki, müsabiqənin də prioritetlərindən biri intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxsləri müəyyənləşdirib, qalibləri ictimaiyyətə təqdim etməkdir. Təşkilat Komitəsi tərəfindən tərtib edilən sistem də məhz potensial kadrların üzə çıxarılmasına fokuslanmaqla yanaşı, kadr ehtiyatı bankının qurulması kimi öhdəlikləri özündə ehtiva edir.

“Yüksəliş” müsabiqəsi əlavə imkan və yeni platforma deməkdir. İdarəçi Rəhbərlərin qaliblərlə birbaşa işləməsi məhz bu əlavə şanslardan biridir, həmçinin qaliblər üçün fərqli işgüzar mühitdə təkmilləşmə imkanı yaradır. İntellekti, idarəçilik keyfiyyətləri ilə fərqlənən şəxslər bəzən obyektiv və subyektiv səbəblərdən proseslərdən kənarda qalırlar. “Yüksəliş”in hədəf auditoriyası həm də bu şəxslərdir. Müsabiqə çərçivəsində müəyyənləşdirilmiş şəffaf mexanizmlər insanların özlərini hansı səviyyədə, nə dərəcədə nümayiş etdirdiyini dəyərləndirəcək və ölkənin kadr bankına düşməsinə şərait yaradacaq.

Azvision.az


Teqlər: Yüksəliş  





Xəbər lenti