Karantin qaydaları: Uşaqlara nəyi demək olmaz

   Karantin qaydaları:    Uşaqlara nəyi demək olmaz
  07 İyul 2020    Oxunub:11284
Lap ibtidaidən belədir, dişinin zərif, erkəyin güclü olmasına rəğmən, insan cəmiyəti istər-istəməz, patriarxal quruluşa üstünlük verib. Yəni primitiv formada desək, analar mağarada uşaqlarla qalıb, atalar isə çiyinlərinə dəyənək götürərək, mamont ovuna yollanıblar.
İndiki çağımızda da belədir, nə qədər qadın hüquqlarına qahmar çıxsaq da, yardım üçün nə qədər körpələr evi, uşaq bağçaları, məktəblər açsaq da, yenə evdə uşaqlarla əsasən analar qalır. Odur ki, böyüyən uşaqlar ailədə ananı atadan daha çox görürlər. Ancaq uşaqlar ana nəvazişi və tərbiyəsi ilə böyüsələr də, səhər çıxıb, axşam evə qayıdan atanın davranışları da onların psixologiyasında dərin izlər buraxır. Bu, öz yerində. Gələk hazırda bütün dünyanı sarmış pandemiya dövrünə.

Ölkəmizdə zaman-zaman sərt karantin rejimi tətbiq olunur ki, bu da ailələrdə valideynlərlə uşaqların sutkalarla üz-üzə qalmasına səbəb olur. Burada ata və ananın biri-biri ilə davranışı uşaqlar üçün düzənlənmiş teatr səhnəciklərinə bənzəyəcək. Həmin davranış səhnələrinə baxan uşaqların yaddaşına bütün həyatları boyu onları təqib edəsi örnəklər hopacaq. Eləcə də valideynlərin öz uşaqları ilə qurduğu düzgün münasibət onların həyatında gözəl xatirələrə çevrilə, səhv davranış üsulları isə onların psixikasında uzunmüddətli əzabverici notlara dönə bilər. Çünki, böyüyən uşaqlar həyat örnəyini əsasən valideynlərindən götürməyə çalışırlar.

Odur ki, bu karantin dövründə hazırladığım "Uşaqlara nəyi demək olmaz" tövsiyələrimin beşini gənc valideynlərə təqdim edirəm.

1. SƏN BUNU BACARMAZSAN!

Valideynindən bu ifadəni eşidən uşaq özünü hansısa qadağanın, qoruğun içində hiss edir. Düşünür ki, demək, mən nəyisə eləməyi bacarmıram, bacarıqsızam. Uşaqda yaradıcılıq meylləri iflasa uğrayır. Aydındır ki, siz bunu uşağa bacarıqlı bir böyük kimi irad tutursunuz, ancaq bilməlisiniz ki, uşaqlar heç vaxt özlərinin balaca olmaları haqda düşünmürlər. Belə hallarda uşaq "demək, kiminsə bacardığı işi mən bacarmıram" deyə düşünərək sonrakı yaradıcı təşəbbüslərindən də geri çəkilir. Uşaqda yarımçıqlıq kompleksinin simptomları böyüməyə başlayır. Ona görə valideynlər bacara bilməyən uşağa şans vermədən "Sən bunu bacarmazsan!" deyib də, izahsız-zadsız onun əlindən nəyisə almamalıdır. Niyə bacara bilməz məsələsini mütləq ona izah etməlidir. Belə məqamlarda mülayim intonasiya və açıq fikirlərdən istifadə olunmalıdır ki, uşaqlarda bacarıqsızlıq kompleksi yaranmasın.

2. BƏSDİ DAA, NƏ QƏDƏR SUAL VERMƏK OLAR?

Uşaqlar böyüdükcə ən primitiv həyati bilgilərini ailədə valideynlərindən, bağça-məktəbdə müəllimlərindən, sosiallaşdıqca isə əhatəsindəki cəmiyətdən alırlar. Odur ki, onlar gün ərzində öz ata-anasına böyüklər üçün primitiv görünən çoxlu sayda suallar verə bilirlər. Uşaqların istənilən sualına cavab vermək valideynin birbaşa borcudur. Sual verən uşağı başından eləyən valideyn bilməlidir ki, bu cür hərəkətlə onlar öz övladında həyata olan marağı söndürür, onların beyninin hərtərəfli inkişafına mane olurlar. Beləcə, kobudluqla rədd edilən uşaqda valideynlərə etimad hissi öləziyir və onda özünəqapanma baş qaldırır.

3. BAŞQASININ DA UŞAĞI VAR, ELƏ AĞILLIDIRLAR Kİ!

Bu cür müqayisəli sözlərlə öz övladınızı yaxşı olmaq yarışına qoşmaq cəhdi səhvdir. Çünki, insan indvidualdır, hərənin özünə görə təbiətin verdiyi beyin tutumuna uyğun bacarığı var. Bilin ki, sizin uşağınızın bacardığını da qonşunun uşağı bacarmır. Övladınız sizə çox güvənir, ona elə gəlir ki, onu hamıdan çox sevirsiniz. Bu cür ifadələr uşaqlara ağır travma yaşadır, çünki sizin yad uşaqlara simpatiya bəsləməyiniz onların heç ağlına gəlməzdi. Bu cür sözlərdən sonra uşağınızın sizin sevginizə inamında bir çat, sınıq əmələ gələ bilir. Əgər səhvən belə bir ifadə püskürmüsünüzsə, uşağa vurduğunuz bu zədə dərinləşməmiş, dərhal onun könlünü almalı, bunun yalan olduğunu, əsəbləşdiyinizə görə belə dediyinizi ona başa salmalısınız. Hətta ailə daxilində belə, uşağı öz qardaşı, yaxud bacısı ilə müqayisə edib, pisləmək olmaz. Belə hallar doğma uşaqlar arasında nifrətə aparacaq qədər soyuqluq yaradır.

4. AĞLAMA, BƏSDİR, BEZDİRDİN!

Təbii ki, hər bir insanda zaman-zaman üzə çıxan daxili emosiyalar var. Uşaqlar ağlamaq emosiyasından daha çox istifadə edirlər. Əlbəttə, onlar da böyüyəndə hər addımbaşı ağlamayacaqlar. Ancaq indilikdə ağlayırlarsa, demək, mütləq bir səbəbi var. Zədə ağrılarının, xəstəliyin törətdiyi ağlamanı bir tərəfə qoyaq. Burada söhbət istəklərə görə ağlamaqdan gedir. Adətən, uşağın istəyinə qarşı gedəndə onun ağlamaqdan başqa çarəsi qalmır. Uşaq öz istəyində israrlı olarkən valideynini buna inandırmaq, yaxud, nəyəsə məcbur etmək üçün ağlamaqdan istifadə edir. Belə hallarda valideyin mütləq uşağın ağlama səbəbini öyrənməli, onun mümkün olan arzusunu yerinə yetirməli, mümkün olmayanı isə ona sakit səslə başa salaraq həmin istəyi başqa oxşar şeylə əvəzləmək haqda təkliflər etməlidi. Yəni uşağın göz yaşları arxasında gizlənən rəngli arzularının üstündən soyuqqanlılıqla qara xətt çəkmək olmaz. Belə hallar uşaqlarda xəyal qırıqlığı, əbədi ümidsizlik, valideynlərə qarşı inamsızlıq və hətta kin yarada bilir.

5. NƏNƏ GEDİR, DUR NƏNƏNİ ÖP!

Uşaqları ürəkdən gəlməyən bu cür işlərə süni şəkildə itələmək onların psixologiyasında ağılasığmaz fəsadlar əmələ gətirə bilər. Uşaqda nənəni, babanı, yaxud valideynləri öpmək istəyi tədricən gəlişməli, bu arzu onun öz daxilindən qopmalıdı. Bəzən valideynlər hansısa hədiyyənin, qidanın müqabilində uşağı tanımadığı, yaxud ürəyi istəmədiyi adamı, dostu, qocanı öpməyə məcbur edirlər. Bu cür hərəkətlər qətiyyən yolverilməzdi. Eləcə də gələn qonaqların evdəki uşaqları tutub məcbur öpməsi yolverilməzdi. Yaxud gəzintilərdə görüşən tanışların biri-birinin yanındakı uşaqları özlərinə sıxaraq ağız sularını onların üzünə yaxması həmin uşaqlarda qonaqdan iyrənmə, yad adamlara qarşı vasvasılıq əmələ gətirir. Böyüklərdən fərqli olaraq, uşaqların öz daxili aləmində qurduqları dünya çox bəzəkli, rəngarəng və zərif olur. Onların bu gözəl dünyasını özümüzün kobudluğumuz və nadanlığımızla zədələyib travmalar xarabasına çevirməməliyik!

Murad Köhnəqala
Azvision.az üçün


Teqlər: Tərbiyə   Uşaqlar   Ünsiyyət   Karantin  





Xəbər lenti