Qızılağac milli parkında yanğın söndürülüb - YENİLƏNİB

Qızılağac milli parkında yanğın söndürülüb -  YENİLƏNİB
  07 İyul 2020    Oxunub:4825
Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən və Qızılağac Milli Parkının ərazisinə keçən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının və yerli əhalinin səyləri nəticəsində söndürülüb.
ETSN-in mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, yanğın nəticəsində təxminən 8 hektar ərazidə quru ot örtüyü, kol-kos və qamışlıq sahə yanıb.

Qeyd edək ki, yanğın hadisələrinin əksəriyyətinə səbəb vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi olur. Nazirlik bir daha isti hava şəraiti ilə əlaqədar əhaliyə odla ehtiyatlı olmağı, biçin zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl etməyi tövsiyə edir.

***
(20:25)

Lənkəran rayonu, Balıqçılar qəsəbəsindəki taxıl zəmisində başlayan və külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçən yanğın davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yanğının söndürülməsinə nazirliyin yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 60-dan artıq əməkdaşı, 4 yanğınsöndürən maşın, əlavə texnika və yerli sakinlər cəlb edilib.

Yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində mümkün olan bütün vasitələrdən istifadə olunur, o cümlədən, cəlb olunmuş əlavə texnikanın köməyi ilə küləyin istiqaməti üzrə ətraf sahələrin şumlanması həyata keçirilir.

İlkin hesablamalara görə, yanğın təxminən 7 hektar ərazini əhatə edir, əsasən kol-kos və quru ot örtüyü, qamışlıq sahə yanır.

"Yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verdiyi bildirilir. Bu səbəbdən nazirlik bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, biçilmış sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa çağırır", - deyə qeyd olunub.

Azvision.az


Teqlər: Yanğın  





Xəbər lenti