Vahid Əziz: “İndi lotuluq etmək zamanı deyil”

  Vahid Əziz:  “İndi lotuluq etmək zamanı deyil”
  01 İyul 2020    Oxunub:14711
"Mən qanunlara tabe olan vətəndaşam. Nə deyirlərsə, onu da edirəm".
Bunu Azvision.az -a Xalq şairi Vahid Əziz deyib. O, karantin günlərində evdən icazə ilə çıxdığını bildirib.

"Hər gün səhər saat 7-də Filarmoniya bağına gedirəm. Bunun üçün SMS-lə icazə alıram, cavab gələndən sonra evdən çıxıram. Ola bilər ki, polis məni tanısın və saxlamasın. Amma saxlasa, niyə desin ki, ağsaqqal icazə almamısan. Deməli, qaydalara riayət etmək, icazən bitdikdən sonra evdə qalmaq lazımdır".

Xalq şairi, həmçinin vurğulayıb ki, indiyi dövrdə heç bir dövlət özünə iqtisadi ziyan vurmaq istəməz.

"İnsanların işləməməsi büdcəmizə, işçilərin maaşına, vətəndaşın gəlirinə mənfi təsir göstərir. Buna görə də heç bir dövlət istəməz ki, vətəndaşı pis yaşasın. Koronavirus var, dövlət riskə gedir, öz büdcəsindən pul ayırır və vətəndaşa deyir ki, sən evdə otur, mən sənə yaşamağa kömək edəcəyəm. Biz nə qədər çox sözə baxmırıqsa, bir o qədər də məsuliyyətsizlik edirik. Təkcə özümüzü deyil, doğmalarımızı da zərbə altına qoyuruq.

Əgər məsuliyyətli olmasaq, genefondumuza ziyan vuracağıq. Bir nəfərin xəstələnməsi ailədə 10 nəfərin xəstələnməsi deməkdir. Bir nəfərin ölümü 10 nəfərin zəifləməsi deməkdir. İndi lotuluq etmək zamanı deyil, sözə baxmaq lazımdır. Şəxsən mən tərbiyəsizlik etmirəm. Özümü tərbiyəli aparıram".

Bundan əlavə, Vahid Əziz koronavirus haqqında şeir yazdığını söyləyib.

"Şair hər məqama uyğun söz deməlidir. Virusla bağlı şeir də yazmışam və sosial şəbəkədə paylaşmışam. Günün çox hissəsini balkonda otururam, özümü günə verirəm və ilham pərimi səsləyirəm".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: VahidƏziz   Şair  





Xəbər lenti