“Karantin başlayandan bütün qaydalara riayət edirəm” - Əməkdar artist

 “Karantin başlayandan bütün qaydalara riayət edirəm” -  Əməkdar artist
  17 İyun 2020    Oxunub:4294
Bu gün tanınmış aktyor-rejissor Nicat Kazımovun doğum günüdür. Əməkdar artist 48 yaşını qeyd edir.

Ömrünün yeni çağına qədəm qoyan sənətçi doğum günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
- Nicat bəy, deyirlər, yaş kişinin var-dövlətidir. Bu gün 48 yaşınız tamam olur, sizi varlı hesab etmək olar?

- Maddiyat baxımından götürsək, mən varlı deyiləm və pul yığa bilməmişəm. Dostlar, sənətdə qazandığım uğurlar, tamaşalarım, rollarım, övladlarım baxımından zənginəm. Bir onu bilirəm ki, yaşla insanın xasiyyəti daha mükəmməlləşir, daha səbrli olmağa çalışırsan.

- Həyatınızın hansı illərinə yenidən boylanıb baxmaq istərdiniz?

- Tələbəlik illərim üçün darıxıram. Həmin illər çox ağır dövrə, 90-cı illərə təsadüf edirdi. Çətin, aclığın nə olduğunu bildiyimiz bir zaman idi. Amma cavan idim. Düzdür, indi də özümü yaşlı hesab etmirəm. Bu gün 18 yaşım olur. (gülür) Yenə o dövrlər üçün darıxırsan.

- Bu gün özünüzə nə arzu etmək istərdiniz?

- Can sağlığı, uşaqlarımın xoşbəxtliyini arzulayıram. Özümü teatrsız, sənətsiz hiss etmirəm.

- İlk təbriki kimdən aldınız?

- İlk təbriki baldızım, aktrisa Sevinc Şirəliyevadan aldım. Daha sonra ailəm məni təbrik etdi. İncəsənət Universitetindəki tələbələrim sürprizlərini, çəkdikləri təbrikləri "whatsapp"la göndərdilər. Xoş oldu. Gecə saat 3-ə kimi təbriklərə cavab vermişəm. Təki o təbrik ürəkdən gəlsin. Biz hislərlə işləyən adamlarıq, mən göydə tuturam ki, hansı söz boğazdan yuxarıdır, hansı ürəkdən.

- Doğum gününüzün karantin günlərinə təsadüf etməsi nəyisə dəyişirmi?

- Sözün açığı, mən doğum günlərini o qədər də sevməmişəm. Çünki hər halda ömrümüzdən bir il gedir. Bu baxımdan hər dəfə bir az kövrək oluram. Aydın məsələdir ki, istəməzdim belə olsun, kim istəyər ki?! Hamının arzusudur ki, dostlar, yaxınlar bir yerə yığışıb otursun, söhbətləşsin. Amma xeyirlisi, tezliklə bu virusdan canımız qurtarsın. Karantin olan gündən bütün qaydalara riayət etdim. Universitetdəki dərslərimi onlayn deyirdim. Şənbə-bazar qadağalarında bağda oluram. Şəhərdə sıxılıram.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: NicatKazımov   aktyor  





Xəbər lenti