Ombudsmanın əməkdaşları iki xəstəxanaya baş çəkdi
Başçəkmələr çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisələrin palata və şöbələrinə, görüş yerlərinə, yeməkxanalara, ərzaq anbarlarına və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, çatışmazlıqlar müəyyənləşdirilib.
Gəncə şəhər və Şəki rayon Psixatriya Xəstəxanaları Ombudsmanın təklifləri də nəzərə alınmaqla yeni binalara köçürülüb. Başçəkmələr zamanı koronavirus pandemiyası ilə əlaqədar sanitar-gigiyenik qaydalara diqqət yetirildiyi, əməkdaşların tibbi maskalarla təmin edildiyi, xəstələrdən və əməkdaşlardan test nümunələrinin götürüldüyü, mütəmadi olaraq dezinfeksiya tədbirlərinin davam etdirildiyi, sovqat qəbulu və görüşün müvəqqəti olaraq dayandırıldığı məlum olub.
Gəncə şəhər Psixatriya Xəstəxanası müasir tibbi avadanlıqlarla təchiz olunsa da, onların tətbiqi üçün ixtisaslı kadrlara (laborant, rentgenoloq, radioloq, terapevt, psixiatr və USM həkimi) ehtiyac var.
Şəki rayon Psixiatriya Xəstəxanasında ixtisaslı kadr və ştatların çatışmadığı müşahidə edilib.
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla 18 may - 18 iyun tarixlərində respublikamızda Müvəkkilin təşəbbüsü ilə elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində BMT-nin “Psixi xəstələrin müdafiəsi və psixiatriya yardımının yaxşılaşdırılması prinsipləri”, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanunu əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb, koronavirus epidemiyasından qorunmaq üçün sosial məsafə saxlanılması və gigiyenanın nəzarətdə saxlanılması tövsiyə olunub.
Azvision.az