“Karantində bir ay yarım evdən çölə çıxmadım” - Xalq artisti

  “Karantində bir ay yarım evdən çölə çıxmadım” -  Xalq artisti
  08 İyun 2020    Oxunub:6770
"Hələ indiyə kimi teatrdan bu qədər uzaq qalmamışdım. Fasiləsiz 58 il səhnəyə çıxan adam üçün çətin vəziyyətdir".

Bunu Azvision.az -a Xalq artisti Rafiq Əzimov karantin günlərindən danışarkən deyib. Aktyor səhnəyə qayıdacağı günü həsrətlə gözlədiyini bildirib.
"Mən ay yarım bütün qanunlara əməl edərək yoldaşımla evdə qaldım. Bir gün də bayıra çıxmadım. Bizə bazarlığı nəvəm edirdi. Bir ay yarım belə yaşadım. Sonra yumşaldılma mərhələsində oğlum məni bağa gətirdi. Hazırda Mərdəkanda qalıram. Ağacları hər səhər sulayıram, bağa-bostana baxıram. Nəvələr, oğul, gəlin yanımdadır. İki ay idi ki, onları görmürdüm. Əzablı günlərim geridə qaldı. Ancaq heç nə teatrın yerini vermir. Təəssüflər olsun ki, yenidən səhnəyə nə zaman qayıdacağımız bilinmir.

Çalışıram formamı itirməyəm. Səhər tezdən saat 06:30-da dururam, qızılgüllərə, ağaclara qulluq edirəm, hərəkətdə oluram. Bu yaşa çatmışam, belə vəziyyət görməmişəm. Amma ümidi itirmək olmaz. Gözəl günlərimiz qabaqdadır. Su gələn arxa bir də gələr", - deyə Xalq artisti vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: RafiqƏzimov   aktyor  





Xəbər lenti