“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq

  30 May 2020    Oxunub : 2221
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş elektron informasiya sistemində “Reabilitasiya” altsisteminin yaradılması işləri yekunlaşmaqdadır.
ƏƏSMN-dən Azvision.az -a verilən məlumata görə, altsistemin yaxın aylarda işə salınması nəzərdə tutulur.

“Reabilitasiya” altsistemi nazirliyin reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) arasında e-formada məlumat mübadiləsinə və onların əlaqəli fəaliyyətinin qurulmasına xidmət edəcək. Reabilitasiya müəssisələrinə qəbul da həmin komissiyalar tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında həyata keçiriləcək. Bu da qəbul prosesinin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin daha təkmil qurulmasına şərait yaradacaq.

Eyni zamanda, bərpa müəssisələrinə qəbul edilmiş şəxslərlə bağlı görülmüş reabilitasiya tədbirləri və onların nəticələri “Reabilitasiya” altsisteminə daxil ediləcək. Bu məlumatlar həmin şəxslərlə bağlı fərdi reabilitasiya proqramının tərtib olunması və icrası prosesində zəruri informasiya bazası kimi önəmli rol oynayacaq.

Azvision.az

Teqlər: ƏƏSMN