Ceyranbatan su anbarı yenidən qurulur
Layihəyə əsasən, hər birinin tutumu 2100 kubmetr olan 5 su anbarının yenidən qurulması, yeni siyirtmə kameralarının inşası, daha məhsuldar nasos stansiyalarının quraşdırılması nəzərdə tutulur. Artıq 3 anbarda işlər yekunlaşıb, digər 2 anbarda isə davam etdirilir. Görülmüş işlər çərçivəsində həmin anbarların özül və divarları dəmir-beton konstruksiyalarla möhkəmləndirilib, korroziyaya uğramış hissələr sökülərək beton örtüklə izolyasiya edilib. Anbarların yararsız hala düşmüş üst plitələri tamamilə sökülərək dəyişdirilib. Təmir-bərpa işləri çərçivəsində anbarların giriş-çıxış xətləri yenilənib, 14 ədəd siyirtmə yenisi ilə əvəz olunub, 5 ədəd siyirtmə kamerası inşa edilib. Suyun optimal paylanması məqsədilə qaldırıcı nasos stansiyasında 2 ədəd nasosun quraşdırılması başa çatdırılıb. Nasos stansiyalarının enerji təchizatı məqsədilə 6 kilovoltluq transformator stansiyası da inşa edilib. Yeni nasosların quraşdırılması suyun + 105 Saray anbarına qaldırılaraq buradan özüaxımlı rejimdə paylanmasına imkan verəcək.
Ümumilikdə, layihə çərçivəsində indiyədək 240 kubmetr beton, 2700 kubmetr torpaq işləri görülüb. Yenidən qurulan və bərpa olunan anbarların ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra bu mənbədən qidalanan ərazilərdə yaşayan əhalinin içməli su təchizatında dayanıqlılıq təmin olunacaq, xüsusən yay aylarında artan tələbatın ödənilməsinə əlavə imkan yaranacaq.
Azvision.az
Teqlər: Azərsu Ceyranbatan