Nazir pandemiya dövründə görülən işləridən danışdı

 Nazir pandemiya dövründə görülən işləridən danışdı
  21 May 2020    Oxunub:4693
"Mart ayından bu günədək ümumilikdə 50 tibb müəssisəsi və müvəqqəti karantin üçün ayrılmış mehmanxalarda əmələ gəlmiş 2 200 kubmetrdən çox təhlükəli tibbi tullantı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə daşınaraq - Abşeron yarımadası, Lənkəran, Şəmkir və Quba rayonlarında yerləşən xüsusi qurğularda yandırılaraq zərərsizləşdirilib".
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Nazir qeyd edib ki, AQTA tərəfindən zərərsizləşdirilən – cənub zonasında 13 nöqtədən təqribən 150 kubmetr, ETSN tərəfindən zərərsizləşdirilən – digər 37 nöqtədən təqribən 2 054 kubmetrdir. Bu zaman əmələ gəlmiş təqribən 40 kub metr kül tullantısı isə daşınaraq Təhlükəli Tullantılar poliqonunda utilizasiya edilib. Bu işlər bu gün də davam etdirilir".

Nazirin sözlərinə görə, pandemiya dövründə əmələ gələn təhlükəli tibbi tullantıların idarə edilməsi virusun yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir:

"Bu baxımdan Nazirliyin əsas diqqət yetirdiyi sahələrdən biri koronavirus infeksiyası ilə mübarizə çərçivəsində təhlükəli tibbi tullantıların idarə olunması ilə bağlı olub.

Ölkədə həyata keçirilən təxirəsalınmaz tədbirlərin tərkib hissəsi kimi Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Nazirlik təhlükəli tibbi tullantıların idarə olunmasının əlaqələndirilməsini həyata keçirir. Həmin tullantıların utilizasiyasını təşkil edir. Hazırda bu işlər TƏBİB və Səhiyyə Nazirliyi ilə birgə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Tibbi tullantıların idarə olunmasına dair tələblər”ə uyğun olaraq həyata keçirilir. Tibbi tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə dörd A, B, C və D sinfinə bölünür. B və C sinfinə aid tullantılar təhlükəli və xüsusi təhlükəli tullantılar hesab olunur. Pandemiya dövründə məhz bu tullantıların idarə olunması ciddi nəzarətə götürülüb.

Hazırda onlar kateqoriyalar üzrə çeşidlənərək Nazirlik tərəfindən təmin edilən müxtəlif rəngli xüsusi torbalara toplanır (B sinfinə aid təhlükəli tullantılar sarı, C sinfinə aid xüsusi təhlükəli tullantılar isə qırmızı torbalara toplanır). Tullantılar xüsusi avtomaşınlarla daşınaraq müvafiq qurğularda termik üsulla 800-1200oC temperaturda zərərsizləşdirilərək məhv edilir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Ekologiya   Nazir   Koronavirus  





Xəbər lenti