Bakı Limanında yükaşırma 22% artıb

Bakı Limanında yükaşırma 22% artıb
  15 May 2020    Oxunub:3941
Bu ilin mayın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Hökumətlər tərəfindən COVID-19-a qarşı görülən çevik tədbirlər” mövzusunda Qlobal Veb Forumu çərçivəsində ticarət və logistika mövzusuna həsr olunmuş panel keçirilib.
Bakı Dəniz Limanından Azvision.az -a verilən məlumata görə, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Ticarət Logistika bölməsinin rəhbəri Yan Hofmanın, Böyük Xəzər Assosiyasının Prezidenti Murat Seitnepesovun, ticarət və logistikanın İKT həlləri üzrə eksperti Maks Enin qatıldığı forumda Bakı Limanının Baş direktoru Taleh Ziyadov qonaqların diqqətini Orta Dəhliz (Middle Corridor) adlandırılan marşrutun əhəmiyyətinə cəlb edib.

T. Ziyadov bildirib ki, yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə adıçəkilən marşrutun qlobal səviyyədə əhəmiyyəti daha bariz formada nümayiş olunub. Digər qlobal nəqliyyat və logistika dəhlizlərində məhdudiyyətlər tətbiq olunsa da, Orta Dəhliz tam gücü ilə fəaliyyətini davam etdirdi və Avropa ilə Çin arasında yüklərin daşınmasında etibarlı dəhliz olduğunu sübut etdi.

Bakı Limanında COVID-19 pandemiyası ilə mübarizə tədbiri barədə ətraflı məlumat verən baş direktor deyib ki, Bakı Limanı COVID-19 pandemiyasından qorunmaq məqsədi ilə daimi olaraq gücləndirilmiş iş rejimində işləyir və davamlı olaraq dezinfeksiya tədbirləri keçirilir. Əlavə olaraq, Baş direktor bildirib ki, virusun yarada biləcəyi təhlükəni minimuma endirmək məqsədi ilə liman daxilində müvəqqəti saxlanma-karantin və steril (təmiz) zonalar yaradılıb. Limana daxil olan hər bir TIR sürücüsü müvəqqəti saxlanma-karantin zonasında test olunur və yalnız nəticələr mənfi çıxdığı təqdirdə steril zonaya yola salınır.

Mart ayının 18-dən etibarən liman ərazisində xarici TIR sürücüləri və yerli əməkdaşlar da daxil olmaqla 2266 şəxs test olunub. Eyni zamanda, liman xidmətlərindən istifadə edən sürücülərin böyük əksəriyyətinin “Qırmızı Körpü” sərhəd buraxılış məntəqəsindən daxil olduğunu nəzərə alaraq, liman əməkdaşları sözügedən məntəqədə Dövlət Gömrük Komitəsi, TƏBİB və Referance hospitalının əməkdaşları ilə birgə sürücülərin müayinəsini təşkil ediblər və aprel ayının 12-dən başlayaraq 1.318 şəxs test olunub. Ümumiyyətlə pandemiya başlayan dövrdən bu günə kimi 4000 yaxın sürücü və digər şəxslər test ediliblər.

Sonda Baş direktor T. Ziyadov qeyd edib ki, bütün bu tədbirlər Orta Dəhlizin stabil və operativ işləməsini təmin edib. Qeyd olunan dövr ərzində əldə olunan təcrübə Qazaxıstan və Türkmənistan həmkarları ilə də bölüşülüb.

Azvision.az


Teqlər: Koronavirus   Bakı   Liman  





Xəbər lenti