İstehlak bazarındakı qiymətlər - Hansı məhsullar bahalaşıb?
Aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, kəsmiyin, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, şabalıdın, kələmin, balqabağın, bibərin, çuğundurun, yerkökünün, sarımsağın, kartofun, mərcinin, şəkər tozunun, qəhvənin, arağın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, bananın, qozun, fındığın, xiyarın, pomidorun, göyərtinin, soğanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi mart ayına nisbətən 100,1 faiz, əvvəlki ilin aprel ayına nisbətən 101,3 faiz təşkil edib. Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma yağlı boyaların, polietilen su və kanalizasiya borularının, laminat parketin,xalçaların, kondisionerlərin, tozsoranların, mikrodalğalı sobaların, elektrik çaydanlarının, boşqab, fincan və nəlbəkilərin, tibbi spirtin, tibb termometrlərinin, pambığın, toz şəklində sintetik yuyucu vasitələrin, minik avtomobilləri üçün akkumulyator və amortizatorların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin, mətbəx üçün mebel dəstlərinin, mobil telefonların, yazı kağızlarının qiymətlərində müşahidə edilib. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.
Apreldə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, ötən ilin aprel ayına nisbətən 100,4 faiz təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin aşağı düşməsinə səbəb əhali qrupu üzrə elektrik enerjisinin güzəştli istehlak limitinin 300 kilovat/saatdan 400 kilovat/saatadək artırılması olub. Nəticədə elektrik enerjisinin orta qiyməti cari ilin mart ayı ilə müqayisədə aprel ayında 12,5 faiz aşağı düşüb. Digər ödənişli xidmətlərin qiymətlərində dəyişikliklər baş verməyib.
Azvision.az
Teqlər: