İqtisadiyyata investisiya qoyuluşu azalıb

İqtisadiyyata investisiya qoyuluşu azalıb
  14 May 2020    Oxunub:3928
2020-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3903,5 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,8 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,8 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 2622,3 milyon manatı və ya 67,2 faizi məhsul istehsalı sahələrinə, 875,2 milyon manatı (22,4 faizi) xidmət sahələrinə, 406,0 milyon manatı (10,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2338,3 milyon manatını və ya 59,9 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2383,2 milyon manatı və ya 61,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 62,0 faiz, büdcə vəsaitləri 21,0 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, bank kreditləri 5,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,5 faiz, sair vəsaitlər isə 2,2 faiz təşkil edib.

2020-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, Naxçıvan Muxtar Respublikasında ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsi, Gəncə və Şəki şəhərlərinin hər birində 200 çarpayılıq xəstəxana binası, Ağstafa, Goranboy, Kürdəmir, Qazax və Tovuz rayonlarında “Azərxalça” ASC-nin filialı, Kürdəmir və Tovuz rayonlarında “Asan Həyat” kompleksi, Ağstafa rayonunda Aqrar Sənaye Kompleksi, Qazax rayonunda əhəng zavodu, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Azvision.az


Teqlər: Statistika  





Xəbər lenti