Deputat: "Yenidən çox ciddi qaydalar tətbiq edilə bilər"

  Deputat:  "Yenidən çox ciddi qaydalar tətbiq edilə bilər"
  30 Aprel 2020    Oxunub:4977
Ölkəmizdə koronavirusa qarşı aparılan erkən və kompleks mübarizə tədbirlərinin nəticəsidir ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatı dövlətimizin fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın virusdan ən az xəstələnmə, itki və qurban verən ölkələr siyahısında olduğunu elan edib. Sözsüz ki, bütün bunlar eyni zamanda uğurla həyata keçirilən səmərəli, önləyici, preventiv, kompleks tədbirlərin nəticəsidir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, ölkədə koronavirusdan xəstələnənlərin, ölüm hallarının, aparılan test müayinələrinin sayının, ağır xəstələr, sağalanların dinamikası və statistikasının təhlilinin nəticələrini nəzərə alaraq Operativ Qərargah karantin rejiminin yumşaldılmasına getdi.

"Lakin tətbiq edilən bu yumşalmalar o demək deyil ki, virusun təhlükəsi aradan qalxdı. Qətiyyən belə deyil. Bu gün koronavirusdan daha çox əziyyət çəkən ölkələrdə ciddi nəzarət etməklə müəyyən yumşalmalar tətbiq edilir. Ölkəmizdə də postkorona dövrünə hazırlıq üçün mərhələli və yumşaldıcı tədbirlər həyata keçirilir. Bütün bunlara baxmayaraq, vətəndaşlar Operativ Qərargahın təlimatlarına və qaydalarına əməl etməlidir. Sözsüz ki, şəxsi gigiyena, özünütəcrid, kütləvi tədbirlərin qadağası və belə tədbirlərdən yayınmaq ən önəmli qaydalardır. Unutmaq olmaz ki, virusun spesifik xüsusiyyətlərdən biri də təkrar dalğaların olmasıdır".

Deputat bildirib ki, bəzi ölkələrdə karantin rejiminə əməl etmədə problemlər olduğundan yeni dalğalar başlayıb.

"Ölkəmizdə hər bir vətəndaş bu qlobal təhlükə ilə mübarizədə ciddi məsuliyyəti olduğunu başa düşməlidir və bütün qaydalara əməl etməlidir. Ehtiyatsızlıq və məsuliyyətsizlik ölkəmizdə koronavirusa qarşı aparılan uğurlu mübarizəyə kölgə sala bilər. Ümumiyyətlə, yumşaldıcı tədbirlər müvəqqəti ola bilər. Bu, bir növ həm də dinamikanın test edilməsidir. Yəni, Allah etməsin dinamikada mənfiyə doğru hər hansı tendensiya baş verərsə, yenidən çox ciddi qaydalar tətbiq edilə bilər. Buna görə də vətəndaşlarımızı özünütəcridə, zəruri olmadığı hallarda evdə qalmağa, sosial məsafə və sosial hərəkətliliyin ciddi məhdudlaşdırılmasına çağırıram".

Aytən Zəhra
Azvision.az


Teqlər: Deputat   Krantin   Koronavirus  





Xəbər lenti