“Sahibkarlıq fəaliyyətində davamlılıq ən vacib amildir” - Nazir

  “Sahibkarlıq fəaliyyətində davamlılıq ən vacib amildir” -    Nazir
  25 Aprel 2020    Oxunub:3987
"Koronavirus pandemiyası (COVID-19) ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına, bir sıra sahələrdə fəaliyyətin bərpa olunmasına qərar verilib".
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sahibkarlıq fəaliyyətində davamlılıq ən vacib amildir: "Hətta uzun müddət fəaliyyətdə olan biznes qurumları, qısa müddətli fəaliyyətsizlik nəticəsində ciddi geriləmələrlə üzləşə bilərlər. Məhz bu səbəbdən də, davamlılığın təmin edilməsi əsas məqsəd olmalıdır. Bu baxımdan, dövlətin dəstək tədbirləri ilə yanaşı, biznes subyektlərinin də yeni iqtisadi şəraitə uyğunlaşması vacib amildir. Aprelin 27-dən başlayaraq xüsusi rejimli karatin şəraitində məhdudiyyətlərin bir qisminin yumşaldılacağı dövrdə hər bir sahibkar başa düşməlidir ki, pandemiya uzun müddət sürə bilər və bu müddət insanların davranışından daha çox asılıdır. Həlledici amil isə fərdi gigiyena və sosial məsafənin qorunmasıdır. Sahibkarlar iqtisadiyyatın aidiyyəti sektoru üçün səciyyəvi olan sanitar-gigiyena qaydalarına ciddi əməl olunmasını təmin etməlidir. Yeni iqtisadi şərait özünəməxsus davranış qaydaları tələb edir. Biznesin davamlı fəaliyyəti və gəlirlərin stabilliyi də məhz yeni iqtisadi həyat tərzinə uyğunlaşmadan asılı olacaq. Bu qaydalara əməl edilmədikdə isə, yenidən ciddi karantin şərtlərinin tətbiqi qaçılmaz olacaq. Bu da öz növbəsində, sahibkarların yenidən iqtisadi itkilərlə üzləşməsi, külli miqdarda maddi zərər və ya müflisləşmə ilə nəticələnə bilər".

Nazir qeyd edib ki, koronavirus pandemiyası çoxsaylı insan ölümünə səbəb olmaqla yanaşı, dünya ölkələrini bir sıra iqtisadi, maliyyə, sosial və səhiyyə problemləri ilə də üz-üzə qoyub: "Dünyanın aparıcı ölkələri belə hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır. Koronavirus pandemiyasından ölkə vətəndaşlarının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması üçün Azərbaycanda aparılan siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət nəticələr verir. Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma halları məhdudlaşdırılıb. Düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir  





Xəbər lenti