Xarici işlər nazirlərinin videokonfransı keçirildi

   Xarici işlər nazirlərinin videokonfransı keçirildi
  09 Aprel 2020    Oxunub:2136
Cari ilin 8 aprel tarixində Vışeqrad Qrupu (V4) ölkələrinin Xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığı ölkələri üzrə videokonfransı keçirilib.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Vışeqrad Qrupuna sədrlik edən Çex Respublikası tərəfindən təşkil olunan bu videokonfrans V4 ölkələrinin Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə öncədən planlaşdırılan, lakin COVİD19 pandemiyasına görə ləğv olunan görüşünü əvəz edib.

Video-konfrans nəticəsində Vışeqrad dördlüyü Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı birgə bəyannamə qəbul edib. Bəyannamədə ŞT-nın Aİ-nin xarici fəaliyyətində yüksək prioritet təşkil etməsi və strateji əhəmiyyətini qoruyub saxlamasının vacibliyi qeyd edilir, burada Aİ-nin Şərq tərəfdaşlarına münasibətdə siyasəti ilə bağlı müddəalara yer ayrılaraq, bu siyasətin ŞT-nın əsasını və bölüşülən dəyərləri əks etdirməsi, habelə onun inklüziv olması və tərəfdaş ölkələrin seçiminin dəstəklənməsi və bu ölkələrin istək və öhdəliklərinə uyğun olaraq fərqləndirilməsinin önəmi qeyd olunur.

Bəyannamədə Vışeqrad dördlüyünün bütün tərəfdaş ölkələrinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyi ifadə olunur. Habelə, Şərq Tərəfdaşlığı ölkələri ərzisindəki həll olunmamış münaqişələrin BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks olunduğu kimi, beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həllinin vacibliyi vurğulanır.

Xatırlatmaq istərdik ki, Helsinki Yekun Aktında əks olunan 10 prinsip arasında yer alan “xalqların bərabər hüquqları və öz müqəddəratı” prinsipi bu şəkildə ifadə olunur: “Dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi hüququna hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsipləri, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq hörmət etməlidir”.

V4 ölkələri Şərq Tərəfdaşlığının 2020-ci ildən sonra da inkişafını və dəstəklənməsini davam etdirəcəklərini bəyan ediblər.

Azvision.az


Teqlər: XİN   Videokonfrans  





Xəbər lenti