AXCP və “El” Müsavata qarşı birləşdi - QALMAQAL

AXCP və “El” Müsavata qarşı birləşdi - QALMAQAL
  28 Dekabr 2013    Oxunub:1145
Kinodramaturq Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən istefa verməsi şura üzvləri arasındakı münasibətləri daha da gərginləşdirib. İbrahimbəyovun istefasına səbəb kimi Müsavatı işarə etməsi başqan İsa Qəmbər əlehydarlarını sosial şəbəkələrdə ruhlandırıb. Belə ki, artıq bir neçə gündür ki, AXCP və “El” hərəkatının təmsilçiləri birləşərək Müsavat əleyhinə çıxışlar edir, partiya üzvləri ağır ittihamlar səsləndirirlər.

AXCP sədrinin yeni müavini Əbülfəz Qurbanlının Müsavat yetkili Mustafa Hacıbəyli ilə mübahisəsinə siyasətçinin qardaşı Arif Hacılı qarışıb.

“Hər kəs Qarabağ müharibəsinə bir cür münasibət bildirir. Biri Mustafa Hacıbəyli kimi döyüşlərdə iştirak edib qazi olmaqla ,biri də Əbülfəz Qurbanlı və onun dostları kimi Qarabağ qazilərinin etdikləri barədə status yazmaqla.

Burada bir qədim deyimi xatırladım: " Nələr etmədik bu vətən üçün, birimiz şəhid olduq, birimiz nitq söylədik!-deyə A.Hacılı cəbhəçiləri “ağıl olmağa” çağırıb.

Arif Hacılının bu statusuna AXCP funksioneri Natiq Adiloğlu “özünəməxsus” tərzdə cavab verib.

“Arif bəy, ruhdan düşməyin davam edin. Məncə Əbülfəz Qurbanlının da xarici dövlət qarşısında öhdəliyi var. Olmasaydı daha tez doğular və vətən savaşında iştirak edərdi”-deyə A.Hacılının çıxışını ələ salıb.

“El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev də facebook səhifəsində Milli Şura təmsilçilərinə, əsasən Müsavat barədə ağır fikirlər səsləndirib. O hətta konkret ad çəkməsə də bəzi Milli Şura üzvlərini boşboğaz siyasətçi adlandırıb.

“Meydan boşdur. Buyursunlar, boşboğaz siyasətçilər fürsəti fötə verməyib zəbt etsinlər meydanı. Belə vacib bir məqamda, başda Rüstəm İbrahimbəyov olmaqla ziyalılar önə düşüb ölkənin siyasi və mənəvi dirçəlişini təmin edəcək. Siyasəti oyuncağa çevirmiş həmin naşılar isə daş atıb başlarını tutdular: “olmaz olmaz” dedilər. “siyasi proses” adlı aysberqin görünməyən qatlarında nələrin baş verdiyinin fərqinə varmayan “siyasi liderlər” az qala xorla qışqırdılar: “ Sizlik deyil, yox bu siyasətdi. Vəssəlam. Belə çətinliklə yaratdığımız və nəyin bahasına olursa-olsun, qoruyub hifz eləməyə çalışdığımız Milli Şura adlı müqavimət institutunun bu sayaq çıxılmaz duruma düşməsinin səbəbi sədrlikdən, habelə fəxri sədrlikdən istefa verən Rüstəm İbrahimbəyovdan daha çox, onu bu istefaya məcbur və sövq edənlərdədir!.”-deyə “El” yetkilisi bildirib.

Qeyd edək ki, bundan əlavə AXCP üzvləri, fəalları ilə Müsavatçılar arasında sosial şəbəkələrdə gərgin münasibətlər pik həddə çatıb. Hətta cəbhəçilərlə “El” üzvləri birləşərək sosial şəbəkələrdə Müsavat əleyhinə kampaniya aparırlar.

A.RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti