Tanınmışlar virusdan necə qorunurlar? - “Çoxlu soğan, sarımsaq yeyirlər”

 Tanınmışlar virusdan necə qorunurlar? -  “Çoxlu soğan, sarımsaq yeyirlər”
  18 Mart 2020    Oxunub:11967
Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görülür. Artıq bir neçə gündür ki, ölkədə xüsusi rejim tətbiq olunur. Nazirlər Kabineti yanında Operativ Qərargah mütəmadi olaraq məlumat yayaraq, insanları ehtiyatlı olmağa, qaydalara əməl etməyə çağırır.
Azvision.az sənət adamları arasında sorğu keçirərək onların koronavirusdan necə qorunduqlarını soruşub.



Xanəndə Arif Babayev gün ərzində daha çox ev şəraitdə olduğunu deyib:

“Evdən kənara çıxmıram. Əlimi tez-tez yuyuram, özümü qoruyuram. Maskalar taxıram. Deyirlər, maska da kömək etmir. Evimizdəki qapıların dəstəklərini spirtlə silirik. Qorxuruq. Ən çox nəvəmə görə qorxuram. O, Londondadır. Necə gələcək, deyə dərd çəkirəm. Birisi gün gəlməlidirlər. Ona görə nigaranam. Nə gecəm var, nə də gündüzüm. Nəvə insanın yarısı deməkdir”.



Xalq artisti Rasim Balayev hesab edir ki, koronavirus Allahın insanlara qəzəbidir.

“Əvvəllər bizim kişilər bir-birilərini harada görürdülərsə öpürdülər. Mənim isə bundan xoşum gəlmirdi. Bəlkə, elə koronavirus öpüşməyi insanlarımız, xüsusən də kişilərimiz arasında qadağan edə. Salam verdin, bəsdir də. Türkiyədə salamlaşanda alınlarını, Çeçenistanda isə sinələrini bir-birilərinə vururlar. Qorunmaq məqsədilə əlimi tez-tez yuyuram. Koronavirus bütün bəşəriyyətin bəlasıdır. Mənə elə gəlir ki, insanlar o qədər qudurdular ki, Allah da onları bu yolla xəbərdar etdi. Bildirdi ki, yerin də, göyün də yiyəsi var. Bununla demək istədi ki, istəsəm, yeri-göyü qarışdırıb məhv edərəm. Siz yerdə mal-mülk, torpaq davası etməyin, böyük-böyük fikirlərə düşməyin. Karantində olan adamlar yaxınları ilə görüşüb, onları da yoluxdurmamalıdır. Amma mənə elə gəlir ki, onlar buna əməl etmirlər ki, bu xəstəliyə yoluxanlar artır”.



Aktrisa Mehriban Xanlarova virus əleyhinə heç bir tədbir görmədiyini söyləyib.

“Heç nə etmirəm. Əgər xəstəliyə yoluxmaq mənim qismətimdə varsa, mütləq gəlib məni tapacaq. Allaha və onun yazısına inanıram. Əgər yoluxacaqsansa, istəyirsən spirt boçkasına gir, yenə səni tutacaq. Bizdə hamı küçədə maskada gəzir. Əslinə qalanda xəstə adam maska taxmalıdır, sağlam yox. İkincisi isə maskanın özünü bir saatdan sonra dəyişmək lazımdır”.



Xalq artisti Mübariz Tağıyev insanları qidalarına fikir verməyə çağırıb.

“Mənim tövsiyəm odur ki, insanlar yeyib-içməklərinə fikir versinlər. Çox adam arıqlamaq üçün dieta saxlayır. Bu zaman bədənin immuniteti düşür. Xəstəliyə tez yoluxur. Təmizliyə riayət etmək ən başlıca şərtdir. Buna görə çoxlu soğan, sarımsaq yeyirlər. Elə şeylər mənlik deyil”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti