Azərbaycan xalçaları İstanbulda sərgilənir

Azərbaycan xalçaları İstanbulda sərgilənir
  14 Mart 2020    Oxunub:3363
13 mart 2020-ci il tarixində İstanbulda “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” adlı sərgi və eyni adlı kitab-kataloqun təqdimatı keçirildi. Sərgi Türk və İslam Əsərləri Muzeyində təşkil edilib.
Layihə Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Türk və İslam Əsərləri Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.

Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbir Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 53-cü ildönümü və Azərbaycan xalça sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunub.

Qeyd edək ki, “Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” layihəsini Azərbaycan Milli Xalça Muzeyi “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində reallaşdırır. 2018-ci ildən həyata keçirilməyə başlanılan layihənin əsas məqsədi Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılması, onun əsasında kataloqun hazırlanması və nadir xalça nümunələrinin sərgisinin təşkilindən ibarətdir.

Açılış mərasimində hər iki muzeyin direktorları Şirin Məlikova və Seracettin Şahin, İstanbul İl Kültür və Turizm müdir müavini Mümin Yıldıztaş çıxış edərək bu layihənin hər iki qardaş ölkənin mədəni həyatında böyük əhəmiyyətindən danışdılar.

Daha sonra muzey direktorları son illər ərzində muzeylərin çap etdikləri nəşrləri bir-birinə təqdim etdilər.

Rəsmi hissədən sonra qonaqlar sərgi ilə tanış oldular. 13 iyun 2020-ci il tarixinədək davam edəcək sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki ədəd nadir Azərbaycan xalçaları təqdim olunub. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid “Xətai” (“Əjdahalı”) və “Çələbi”, özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirən “Qoca” və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş “Dağkəsəmən” xalçaları da var. Sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı Azərbaycan xalçaları yenilənmiş atribusiya mətnləri ilə təqdim edilir.

Tədbir iştirakçıları sərgi ilə yanaşı yeni işıq üzü görmüş “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” kitab-kataloqu ilə tanış oldular. Türk və ingilis dillərində hazırlanan nəşr Türkiyə ictimaiyyətində Azərbaycan xalçaları haqqında geniş və dolğun məlumatın yaranmasına xidmət edəcək.

Azvision.az


Teqlər: Türkiyə   Sərgi   Xalça  





Xəbər lenti