Sumqayıt yolunda dəhşətli qəzada ölənlərdən biri jurnalist olub

Sumqayıt yolunda dəhşətli qəzada ölənlərdən biri jurnalist olub
  28 Dekabr 2013    Oxunub:1384
Dekabrın 24-də Bakı-Quba yolunda baş verən dəhşətli yol qəzasında həlak olan 5 nəfərdən sonuncusunun da şəxsiyyəti məlum olub. AzVision.az Lent.az-a istinadən xəbər verir ki, qəzada həlak olan və şəxsiyyəti bugünədək bəlli olmayan şəxs Türkiyə vətəndaşı, 1990-cı il təvəllüdlü Nəcməddin Akçaydır. N.Akçay Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi olub. Türkiyənin Gəbzə şəhərində doğulan Nəcməddin Bakıda fotoqraf-müxbir kimi pressing.az saytı ilə əməkdaşlıq edirmiş.

23 yaşlı Nəcməddin Akçay 2 il əvvəl fakültə yoldaşı Ercan Kızılboğa ilə birgə bir neçə gün ərzində Lent.az saytında təcrübə keçib. Daha sonra isə N.Akçay pressing.az saytında, E.Kızılboğa isə rekord.az saytında fəaliyyət göstərib. Bu gün Lent.az-ın əməkdaşı Sumqayıt şəhər xəstəxanasının meyitxanasında N.Akçayın meyitinə baxış keçirdikdən sonra E.Kızılboğa da oraya yollanıb. Bir neçə nəfərin iştirakı ilə aparılan müşahidədə meyitin N.Akçaya məxsus olduğu dəqiqləşib.

Hazırda meyitin göndərilməsi ilə bağlı Türkiyə səfirliyi iş aparır. Məlum hadisə ilə bağlı cinayət işini aparan Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq Şöbəsi apardığı araşdırmaya və 3 gün əvvəl qəzada ölən şəxsin kimliyini müəyyən etdiyinə görə Lent.az-a təşəkkür edib.

Lent.az məlum hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqını aparan müstəntiq Fuad Mehmanovla əlaqə saxlayıb. F.Mehmanov 5-ci şəxsin kimliyinin hələ məlum olmadığını söyləyib. O, həmçinin bildirib ki, hələlik həmin şəxslə bağlı heç bir məlumat daxil olmayıb və kiminsə itkin düşməsi ilə bağlı da məlumat verilməyib.

Lent.az-ın əməkdaşı Sumqayıt şəhər xəstəxanasının morqunda olub və orada saxlanılan meyiti müşahidə edib. Meyitin əlamətləri N.Akçayın əlimizdə olan fotoları ilə eynilik təşkil edib.

Məhkəmə tibb eksperti Lent.az-a bildirib ki, ölən şəxs qıvrım saçlı, sarışın, boyu 175-180 santimetr olan qeyri-azərbaycanlı tipində 20-25 yaşlı gəncdir.

Lent.az olaraq, işin rəsmi – istintaq və ekspertiza tərəflərinə qarışmaq fikrində deyilik, yalnız əlimizdə olan fotoları təqdim edirik. Nə qədər ağrılı olsa da...

Qeyd edək ki, dekabrın 24-də saat 12:00 radələrində Abşeron rayonu ərazisində Qazax rayon sakini İlham Yusifovun idarə etdiyi “Mercedes” markalı betonqarışdıran avtomobili qarşıda gedən, Bakı şəhər sakini Elşən Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub, idarəetməni itirdiyindən yolun əks istiqamətinə çıxıb və Sumqayıt şəhər sakini Akif Sadıxovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

Nəticədə “Nissan” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Akif Məhərrəm oğlu Sadıqov, həmin maşında olan sərnişinlər, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, 1988-ci il təvəllüdlü Cavid Əjdər oğlu Hidayəttinov, Azərbaycan Texniki Universitetinin tələbəsi, 19 yaşlı Nurlan Güloğlan oğlu Tahirli, 1989-cu il təvəllüdü Əli Qeys oğlu Məmmədov və şəxsiyyəti hələlik məlum olmayan digər bir sərnişin hadisə yerində ölüb. Yük avtomobilinin sürücüsü hadisədən sonra həbs edilib.


Teqlər:





Xəbər lenti