Azərbaycanlı rəssam vəfat edib

Azərbaycanlı rəssam vəfat edib
  12 Mart 2020    Oxunub:3699
Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi Gülarə Məcidova dünyasını dəyişib.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumatan görə, G.Məcidova martın 12-də 77 yaşında vəfat edib.

Qeyd edək ki, Gülarə Həsən qızı Məcidova 31 oktyabr 1943-cü ildə Bakı şəhərində anadan olub. O, 1963-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1972-ci ildə isə M.A.Əliyev adına İncəsənət İnstitutunu bitirib.

Milli rəssamlığımızın zəngin ənənələrini öz uzunillik yaradıcılığında əks etdirən Gülarə Məcidova təsviri sənətimizin inkişafı yolunda yorulmadan çalışan tanınmış fırça ustası idi. Onun məharətlə yaratdığı əsərlər Azərbaycan rəssamlıq məktəbinə ölkəmizin hüdudlarından kənarda da şöhrət qazandırıb. “Kənd həyəti”, “Baharın gəlişi”, “Buzovnada məhəllə”, “İçərişəhərdə günorta” adlı tablolar onun Doğma Vətəninə olan sonsuz məhəbbətin təzahürüdür.

Eyni zamanda Gülarə Məcidova sevimli qəhrəmanı qadın idi. O, “Orta əsr.Azərbaycan qadını”, “Kənd toyu” əsərləri ilə istedadlı və gözəl xanımlarımızın obrazlarını yaradaraq, onların zəngin daxili mənəvi aləmini ustalıqla açıqlaya bilib.

Gülarə Məcidova 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. 1972-1995-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda rəsm fənnini tədris etmişdir. 1980-ci ildən kimi mütəmadi olaraq Türkiyədə, Moskvada, Qazaxıstanda və başqa ölkələrdə keçirilən sərgilərdə, beynəlxalq Simpoziumlarda iştirak etmişdir. 2013-cü ildə fərdi yaradıcılıq sərgisini keçirmişdir. Respublika və beynəlxalq sərgilərin fəal iştirakçı olub.

Allah rəhmət eləsin.

Azvision.az


Teqlər: Rəssam  





Xəbər lenti