Musiqili Teatrın səhnəsində ilk balet-tamaşa

Musiqili Teatrın səhnəsində ilk balet-tamaşa
  11 Mart 2020    Oxunub:4284
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında daha bir layihə – “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Dədəm Qorquddan bir nişanə” balet-tamaşasının məşqlərinə başlanılıb.
Azvision.az xəbər verir ki, ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev olan balet tamaşanın quruluşçu baletmeysteri beynəlxalq müsabiqə və festivallar laureatı, Əməkdar artist Emin Əliyevdir.

“Teatr sənəti sahəsində bir sıra ilklərə imza atan böyük rejissorumuz Əliqismət Lalayev tərəfindən bütün Türk dünyasının ortaq yazılı mədəniyyət abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının motivlərindən qaynaqlanan balet-tamaşanın səhnələşdirilməsi təklifini alanda mən də, quruluşçu rejissor Samir Qulamov da çox həyəcanlandıq. Düzdür, indiyə qədər teatrımızın səhnəsində müxtəlif balet kompozisiyaları qurulub. Amma teatrımızın aktyorları, balet və xor artistlərinin vəhdəti ilə bizim səhnədə belə iri miqyasli balet-tamaşa ilk dəfədir ki, qurulur. “Dədəm Qorquddan bir nişanə”ni teatrımızın möhtəşəm səhnəsi ilə yanaşı, xarici ölkələrə qastrol səfərlərimizdə də nümayiş etdirməyi planlaşdırırıq. Onu da deyim ki, Əliqismət müəllimin rəhbərliyi ilə rejissor Samir Qulamovla bundan öncə işlədiyimiz müştərək layihə – “Nəsimi” kompozisiyası da uğurla qarşılandı, Nəsimi ilinə teatrımızın gözəl bir hədiyyəsi oldu. Ümidvaram ki, yeni balet-tamaşamız da Azərbaycan teatr məkanlarında böyük marağa səbəb olacaq”, – deyə baletmeyster Emin Əliyev yeni tamaşa barədə fikirlərini bizimlə bölüşüb.

Yaradıcı heyətlə görüşündə tamaşanın iştirakçılarına bu məsuliyyətli işdə uğurlar arzulayan tanınmış rejissor və teatr rəhbəri Əliqismət Lalayev qeyd etdi ki, Əməkdar artist Emin Əliyevin quruluşçu baletmeyster olduğu bu tamaşada həm də Uruz obrazında çıxış edəcək.

Quruluşçu rəssamı Vüsal Rəhim, musiqi rəhbəri Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Atabəy İsmayılov, səs rejissoru Məhəmməd Məhəmmədov, rejissor assistentı Sevinc Məmmədova olan balet tamaşada teatrın solistləri – Əmrah Dadaşov (Dədə Qorqud), Mehriban Zaliyeva (Burla Xatun), İbrahim Əlizadə (Şöklü Məlik), balet artistləri – Murad Ağayev (Qazan Xan), Mələkxanım Səfərova (Selcan xatun), Məhəmməd Abdullayev (Beyrək), Nurlan Yusifzədə (Buğac), xor artistləri – Murad Əliyev (Aruz ), Əli Kərimov (Mürüd) və başqaları iştirak edəcəklər.

Azvision.az




Teqlər: Teatr  





Xəbər lenti